Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Akif Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Akif Bəşirov 2023-cü ildə sərxoş vəziyyətdə atasına məxsus və etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Tovuz rayonunda yaşayan keçmiş həyat yoldaşı, zərərçəkmiş Rəfiqə Babazadənin (adı, soyadı şərtidir) valideynlərinə məxsus yaşayış evinin qarşısına gəlib. O, azyaşlı övladı ilə görüşmək bəhanəsi ilə evin giriş qapısının açılmasını tələb etsə də, tələbi cavabsız qalıb. Sonra Akif bunu özünə qarşı təhqir kimi qəbul edərək, qanunsuz hərəkətlərinin qeydə alınmasının qarşısını almaq məqsədilə evin elektrik enerjisini təmin edən sayğacın kilidini bağlayıb, yaşayış evinin və videomüşahidə kameralarının elektrik təminatını kəsib. Ardınca səs-küy salaraq keçmiş arvadı Təhminənin, onun anası, zərərçəkmiş Səmayə Babazadənin (adı, soyadı şərtidir) və keçmiş həyat yoldaşının nənəsi, zərərçəkmiş Səbilə Babazadənin (adı, soyadı şərtidir) ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud şəkildə pozub.
Daha sonra o, idarə etdiyi avtomobildən silah qismində istifadə edərək, sürətlə hərəkət edib fərdi yaşayış evinin bağlı vəziyyətdə olan dəmir darvazasını qəsdən vuraraq zədələyib və avtomobillə həyətə daxil olub. Bu zaman maşını darvazanın arxasında dayanan Səmayə Babazadənin üzərinə sürərək onu vurub. Nəticədə zərərçəkmiş şəxsə sağ baldır sümüklərinin qapalı sınığı və sağ diz oynağının hemartrozu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirilib.
Akif bununla kifayətlənməyərək xuliqanlıq hərəkətlərini davam etdirib, azyaşlı övladının və Səmayə Babazadənin gözü qarşısında keçmiş həyat yoldaşını yumruq və təpiklə döyüb, onun başını dəmir darvazanın səthinə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib. Həmçinin hadisəyə müdaxilə edərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Səbilə Babazadə də müqavimət göstərərək onun sol əl barmağını dişləyib.
Hadisə zamanı Akif eyni zamanda, Səmayə Babazadəyə məxsus ümumi dəyəri 2000 manat olan dəmir darvazanın 400 manatlıq hissələrini zədələyib, hər birinin dəyəri 18 manat olan, ümumi dəyəri 54 manat təşkil edən üç ədəd gül dibçəyini məhv edib. Bununla da o, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurub və ictimai qaydanı kobud şəkildə pozub.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib. Akif 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin zərərçəkmiş Səmayə Babazadəyə vurulmuş 454 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınıb.
Hökmdən narazı qalan zərərçəkmiş şəxslər və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib. Həmin qərardan zərərçəkmiş Səbilə Babazadə və Akifin müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilib.
Kamal Məmmədov