Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Laura Babayevanın barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktına əsasən, İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilib.
İttihama görə, hadisə 02 iyul 2016-cı il tarixdə, saat 11:30 radələrində Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Laura Babayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə münasibətlərinin pozulmasına qohumu olan qadın, zərərçəkmiş İ.İ.-ni (şərti) günahlandırıb. O, guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gəlib. Laura İ.İ.-dən qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvana gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub. Həmin vaxtı hamam otağından dəhlizə çıxan qohumuna yaxınlaşaraq “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” ifadələrini işlədib, özü ilə gətirdiyi “Vertimek” etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu İ.İ.-nin üzərinə töküb.
Nəticədə İ.İ.-yə baş, boyun, bədən, qasıq nahiyəsi, yuxarı və aşağı ətrafları əhatə edən ümumilikdə bədənin 68 faizini təşkil edən 2–3-cü dərəcəli kimyəvi yanıq xəsarətləri, gözün buynuzlu qişası və konyunktivasının 2–3-cü dərəcəli yanığı, yanıq xəstəliyinin septikotoksemiya mərhələsi, son dərəcə ağır yanıq şoku və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid digər xəsarətlər yetirilib.
Zərərçəkmiş şəxs qonşular tərəfindən ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb və ixtisaslı tibbi müdaxilə nəticəsində onun həyatı xilas edilib. Bu səbəbdən Laura öz iradəsindən asılı olmayan hallara görə cinayət niyyətini başa çatdıra bilməyib və əməli xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laura Babayeva Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib, hökmü dəyişib. Belə ki, məhkumun əməli CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və qadının cəzası 3 ilə endirilib. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə təmin etməyib. Daha sonra qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Məhkumun müdafiəçisi kassasiya şikayəti ilə çıxış edərək bildirib ki, apellyasiya instansiyası məhkəməsi sübutları sadalamaqla kifayətlənib, onlara obyektiv hüquqi qiymət verməyib və Lauranın əməlinin CM-nin 126.2.3-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməli olduğunu nəzərə almayıb. Müdafiəçi həmçinin Ali Məhkəmənin 13 mart 2024-cü il tarixli qərarına istinad edərək, apellyasiya instansiyasının həmin qərarda göstərilən hüquqi mövqeni tam araşdırmadığını vurğulayıb.
Kassasiya şikayətində qeyd edilib ki, məhkumun zərərçəkmiş şəxsə xüsusi amansızlıqla iztirab vermək niyyəti olmayıb, o, yalnız turşunu İ.İ.-nin üzərinə ataraq qayıdıb. Müdafiə tərəfi, habelə ekspert rəyinə əsaslanaraq, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin qəsdən sağlamlığa ağır zərər vurmaya aid olduğunu və xüsusi iztirab vermə əlamətlərinin sübuta yetirilmədiyini qeyd edib.
Məhkəmə kollegiyasının iclasında Laura Babayeva və onun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını xahiş edib. Dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını istəyib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov