Ajans.az xəbər verir ki, bu barədə yerli Stuff xəbər portalı məlumat yayıb. Bildirilir ki, Maunganui dağı İstirahət Parkında baş verən sürüşmədən sonra polis və təcili yardım xidmətləri genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb. Fəlakət zonasındakı ərazidə itkin düşən tətilçilərə məxsus qoşqular və çadırlar aşkar edilib. Xilasedicilər itkin düşənlər arasında uşaqların da ola biləcəyini ehtimal edirlər. Axtarış-xilasetmə işlərinə polis itləri və helikopterlər cəlb olunub. Məlumata görə, ölkədə baş verən kütləvi torpaq sürüşmələrinə Şimal Adasında müşahidə olunan güclü yağışlar səbəb olub. Nəticədə onlarla yaşayış məntəqəsi daşqınlardan zərər çəkib, ən azı 7 min ev təsərrüfatı elektrik enerjisi və rabitəsiz qalıb. Milli elektrik şəbəkəsi operatoru Powerco bildirib ki, bəzi ərazilərdə təmir-bərpa işlərinə yalnız yağışlar və daşqınlar səngidikdən sonra başlamaq mümkün olacaq. “Zərərin miqyası çox böyükdür. Ağaclar elektrik xətlərinin üzərinə aşıb, çoxsaylı dirəklər yıxılıb, elektrik panelləri su altında qalıb. Bu səbəbdən bir çox sakin bir neçə gün elektriksiz qala bilər”, – deyə şirkətdən bildirilib. Şimal Adasının şimal-şərq və mərkəzi bölgələrində güclü yağışlar, şiddətli küləklər, daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. İki yaşayış məntəqəsinin sakinləri üçün təxliyə qərarı verilib.