RU

Qışda avtomobilin donan hissələri və sadə qorunma üsulları - Ustadan MƏSLƏHƏTLƏR

Son günlər havaların kəskin soyuması sürücülər üçün bir sıra çətinliklər yaradıb. Bir çox sürücü bildirir ki, şaxtalı hava şəraiti səbəbindən avtomobillərinin bəzi hissələri donur və bu da gündəlik istifadə zamanı müxtəlif problemlərə yol açır. Xüsusilə səhər saatlarında maşının gec işə düşməsi, qapıların açılmaması və şüşələrin təmizlənməsində çətinliklər sürücüləri narahat edir.

Məsələ ilə bağlı avtomobil ustası Niyazi Məmmədov Day.Az-a açıqlamasında qış aylarında avtomobillərdə yaranan bu problemlərin səbəblərindən və onların qarşısının alınma yollarından danışıb.

Onun sözlərinə görə, ən çox akkumulyator, soyuducu su (antifriz), şüşəsilən suyu, yanacaq sistemi və qapı rezinləri donma riski ilə üz-üzə qalır.

"Akkumulyator soyuqda zəifləyir və maşın gec işə düşə bilər. Əgər radiatorda adi su varsa, o dona və mühərrikə ciddi ziyan vura bilər. Şüşəsilən üçün yay suyu istifadə olunarsa, o da donar və şüşəni təmizləmək mümkün olmaz. Qapı rezinləri donanda isə qapılar açılmaya bilər."

Niyazi Məmmədov sürücülərə tövsiyə edir ki, qışdan əvvəl antifrizdən istifadə etsinlər, akkumulyatorun vəziyyətini yoxlasınlar, qış üçün nəzərdə tutulmuş şüşəsilən mayesi doldursunlar.

"Qapı rezinlərini isə silikon sprey və ya sadə vazelinlə yağlamaq olar. Bundan əlavə, maşını imkan daxilində qapalı məkanda saxlamaq və ya üzərinə örtük çəkmək də donmanın qarşısını almağa kömək edir."

Ekspertin fikrincə, bu sadə qaydalara əməl etsək, qışda avtomobillə bağlı bir çox problemlərdən rahatlıqla qaça bilərik.

Elvin Səxavətoğlu
Day.Az

Избранный
103
day.az

1Источники