RU

ABŞ–Azərbaycan münasibətləri yeni strateji mərhələyə yüksəlir - ŞƏRH

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası adlanan beynəlxalq təşkilata Təsisçi Üzv Dövlət qismində qoşulmağa dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh siyasətinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, eləcə də regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun növbəti təsdiqidir. Bu mühüm siyasi hadisə Azərbaycanın beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini bir daha nümayiş etdirir. Bu dəvət, eyni zamanda, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı hörmətə, bərabərhüquqlu dialoqa və ortaq maraqlara əsaslanan faydalı tərəfdaşlığın real nəticəsidir. Bu, həmçinin ABŞ–Azərbaycan münasibətlərinin strateji mahiyyətini və bu münasibətlərin yeni mərhələyə yüksəldiyini açıq şəkildə ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat qeyd edib ki, Sülh Şurası Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında münaqişənin nizamlanması, humanitar vəziyyətin yaxşılaşdırılması və mümkün siyasi həll mexanizmlərinin müzakirəsi üçün nəzərdə tutulub. Şuraya bir sıra ölkə liderlərinin və hökumət başçılarının dəvət olunduğu bildirilir.

Tamam Cəfərova əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın bu təşəbbüs çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub xüsusi siyasi və diplomatik məna daşıyır: “Bu müraciət ABŞ kimi aparıcı qlobal güc mərkəzinin Azərbaycanı beynəlxalq müstəvidə etibarlı, prinsipial və sülhə töhfə verən tərəfdaş kimi qəbul etdiyini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin ünvanına göndərilən bu məktub ölkə başçımızın həyata keçirdiyi xarici siyasət kursuna verilən yüksək siyasi qiymətin ifadəsidir. Azərbaycanın Sülh Şurasına Təsisçi Üzv Dövlət kimi dəvət edilməsi təsadüfi deyil. Bu addım Vətən müharibəsində Qələbəmizdən sonra regionda formalaşan yeni siyasi reallıqlarda Azərbaycanın konstruktiv, məsuliyyətli və etibarlı aktyor kimi rolunun məntiqi nəticəsidir”.

O əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyindəki mövqeyini və inkişaf etməkdə olan qlobal siyasi arxitekturada oynamağa çalışdığı rolu aydın şəkildə nümayiş etdirir: “Bu məktub Azərbaycanın balanslı, prinsipial və məsuliyyətli xarici siyasət xəttinin bariz nümunəsidir. Məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim edilməsi, eləcə də onun liderliyinə verilən yüksək qiymət Azərbaycanın yeni beynəlxalq siyasi reallıqlarda praqmatik və çevik diplomatiya aparmaq qabiliyyətini nümayiş etdirir. Bu yanaşma bir daha təsdiqləyir ki, Bakı qlobal güc mərkəzləri ilə dialoq və əməkdaşlıq yolunu seçib. Prezident İlham Əliyevin məktubu Azərbaycanın sülhü təkcə siyasi bəyannamələr səviyyəsində deyil, həm də institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğuna dair mühüm siyasi mesaj çatdırır. Bu addım həm də Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək istəyini nümayiş etdirir”.

 

Избранный
103
azertag.az

1Источники