Şəhər daxilində yolların yenidən təşkil olunması ilə tıxac probleminin həllində gözlənilən nəticə əldə olunubmu?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, birtərəfli yolların təşkili xüsusilə məhəllədaxili, dar yollarda çox əlverişlidir:
“Bəzi yolların birtərəfli edilməsi çox vacibdir. Belə yolların təşkilinə müsbət yanaşmaq lazımdır. Ciddi tıxac problemi ilə üzləşdiyimiz bir dövrdə hərəkətin bu cür təşkil olunması faydalıdır. Məsələn Səbail ərazisində sıxlıq yaşanan yollarda birtərəflilik təşkil edilməsi müsbət nəticə verdi. Hazırda Ziya Bünyadov ərazisində bu sistemə ciddi şəkildə ehtiyac var. Çünki oradakı alternativ yollarda, darısqal küçələrdə hərəkətin ikitərəfli olması ciddi problemlər yaradır. Sıxlıq vaxtı sürücülər həmin küçələrə çox axın edirlər. Müxtəlif naviqasiya proqramları da onları həmin küçələrə yönləndirir. Darısqal yol ikitərəfli olduğuna görə xaos yaranır. Bunun qarşısını almağın ən yaxşı yollarından biri məhz birtərəfli yollardır”.
Sürücülər arasında çaşqınlıq yaranması məsələsinə gəlincə isə ekspert bildirdi ki, yol hərəkərtinin təşkili ilə bağlı yeniliklər hərəkətin intensivliyinə hesablanmış addımdır. Bunun çaşqınlıq kimi qəbul edilməsi doğru deyil.