RU

Makron niyə qapalı məkanda gün eynəyi taxıb? - Trampın lağ obyektinə çevrildi

Fransa Prezidenti Emmanuel Makron yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ lideri Donald Trampın Qrenlandiyanın ələ keçirilməsi planına qarşı çıxan səkkiz Avropa ölkəsinə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələrini sərt şəkildə tənqid edib.

Lakin E.Makronun çıxışı zamanı diqqət çəkən başqa bir məqam da olub - onun geyimi, daha dəqiq desək, taxdığı eynək.

“Yeni Sabah” BBC News-a istinadən xəbər verir ki, Fransanın dövlət başçısı dünya liderlərinə müraciət edərkən qapalı məkanda mavi rəngli, güzgülü aviator tipli gün eynəyi taxıb.

E.Makron çıxışı zamanı bu aksessuarın səbəbini izah etməsə də, Fransa mətbuatı bunu onun sağlamlıq durumu ilə əlaqələndirib.

Özünü pələng gözlü sayır

Keçən həftə Makron Fransanın cənubunda keçirilən hərbi tədbirdə qızarmış gözlə görünüb və həmin vaxt da oxşar gün eynəyi taxıb. Hərbçilərə müraciət edərkən o, vəziyyəti “tamamilə zərərsiz” və “əhəmiyyətsiz” adlandıraraq belə deyib:

“Zəhmət olmasa, gözümün xoşagəlməz görünüşünə görə məni bağışlayın”.

Fransa lideri vəziyyətlə bağlı zarafat da edib və bunu “pələng gözü” (“l'oeil du tigre”) adlandırıb. Bu ifadə 1982-ci ildə çəkilmiş “Rocky III” filmində səslənən məşhur “Eye of the Tiger” mahnısına işarədir.

“Bu ifadəni anlayanlar üçün bu, qətiyyət əlamətidir”, - o bildirib.

Fransa mediasının yazdığına görə, Makronda gözün ağ hissəsində damar partlaması – tibbi dildə desək, “subkonjonktival qanaxma” müşahidə olunub. Bu hal zərərsizdir, ağrı yaratmır, görməyə təsir etmir və adətən iki həftə ərzində öz-özünə keçir.

Belə vəziyyət güclü asqırma, öskürmə və ya gözün ovulması nəticəsində yarana bilər. Diabet və yüksək təzyiqdən əziyyət çəkən şəxslərdə risk daha yüksəkdir.

Eynək taxmaya da bilər, özünü göstərir

Həkimlərin sözlərinə görə, bu hal görməni qorumaq üçün gün eynəyi taxmağı zəruri etmir. Lakin bəzi insanlar diqqət çəkməmək üçün eynəkdən istifadə edə bilər.

Fransalı həkim və media şərhçisi Jimmy Mohamed RTL televiziya kanalına açıqlamasında bildirib ki, “Makron bunu estetik səbəblərlə edib, çünki o, ictimai fiqurdur. İnsanlar onun xəstə olduğunu düşünə bilərdi. Gün eynəyi onun gözünü yox, imicini qoruyur”.

Makronun bu seçimi sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onu “kéké” – yəni özünü göstərməyi sevən biri adlandırıb. Digərləri isə zarafatla onu “kiborg”a bənzədib və ya “Top Gun” filmindəki Tom Cruise obrazını xatırladığını yazıb.

Trampın lağ obyektinə çevrildi

Makronun bu görünüşü sosial mediada geniş müzakirələrə səbəb olmaqla yanaşı, ABŞ Prezidenti Donald Trampın da diqqətindən yayınmayıb. Ötən gün Davosa gələnBirləşmiş Ştatlar lideri, qlobal ictimaiyyətin maraqla gözlədiyi çıxışı zamanı Makronu ələ salmaqdan çəkinməyib.

Donald Tramp çıxışında deyib:

“Dünən onu o gözəl gün eynəkləri ilə gördüm. Nə olub belə?” - o bildirib.

Bu sözlərdən sonra zalda gülüş səslərinin yüksəldiyi müşahidə olunub.


Telegram kanalımız
Избранный
37
yenisabah.az

1Источники