RU

Vətəndaşın əmlakı nə vaxt müsadirə oluna bilər? - AÇIQLAMA

Son vaxtlar əmlakın müsadirəsi ilə bağlı yaranan müzakirələr vətəndaşların mülkiyyət hüquqlarının hansı hallarda və hansı qaydada məhdudlaşdırıla biləcəyi məsələsini aktuallaşdırıb. Hüquqi dövlət prinsipinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və yalnız qanunla nəzərdə tutulmuş hallarda, məhkəmə qərarı əsasında məhdudlaşdırıla bilər. Bu prinsip həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də sahəvi qanunvericilikdə açıq şəkildə təsbit olunub.

Bəs qanunvericiliyə əsasən, vətəndaşın əmlakı hansı hallarda müsadirə oluna bilər?

Mövzu ilə bağlı Day.Az-a açıqlama verən vəkil Hüseyn İsmayılov bildirib ki, əmlakın müsadirəsi istər cinayət, istərsə də inzibati icraat çərçivəsində tətbiq edilən hüquqi tədbir olmaqla, yalnız məhkəmənin səlahiyyətinə daxildir.

"Bu prinsip həm Konstitusiyada, həm də sahəvi qanunvericilikdə açıq şəkildə təsbit olunub. Azərbaycan qanunvericiliyinə görə, əmlakın müsadirəsi istər cinayət, istərsə də inzibati xəta çərçivəsində tətbiq edilən hüquqi tədbirdir və bu tədbirin icrası yalnız məhkəmənin qərarı əsasında mümkündür. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə məhkəmənin yekun qərarı ilə cinayət yolu ilə əldə edilmiş əmlakın, yaxud cinayətin törədilməsində istifadə olunmuş vasitələrin dövlət nəfinə alınmasıdır. Qanun açıq şəkildə göstərir ki, bu tədbirin tətbiqi inzibati orqanların deyil, yalnız məhkəmənin səlahiyyətinə daxildir."

Vəkil bildirib ki, eyni yanaşma İnzibati Xətalar Məcəlləsində də qorunur.

"Məcəllənin 26-cı maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilə bilər. İnzibati orqanlar belə hallarda yalnız protokol tərtib edə və işi məhkəməyə göndərə bilərlər. Qanunvericilikdə müəyyən olunmuş bəzi hallar mövcuddur ki, həmin hallarda malların müsadirəsi nəzərdə tutulur (məsələn, qadağan olunmuş malların satışı, lisenziyasız idxal, nəzarət markası olmayan məhsullar və s.). Lakin bu halların hamısında da müsadirə qərarı məhkəmə tərəfindən qəbul edilir və icra olunur.

Hüseyn İsmayılovn sözlərinə görə, bu baxımdan, hər hansı vəzifəli şəxsin və ya icra hakimiyyəti orqanı əməkdaşının məhkəmə qərarı olmadan vətəndaşın əmlakını "müsadirə etdiyini" bəyan etməsi və ya faktiki olaraq götürməsi qanunvericiliyin tələblərinə uyğun deyil. "Belə hallar hüquqi baxımdan müsadirə deyil, səlahiyyət həddinin aşılması kimi qiymətləndirilə bilər."

Elvin Səxavətoğlu
Day.Az

Избранный
36
day.az

1Источники