“Goldman Sachs Group” analitikləri qızılın 2026-cı ilin sonuna olan qiymət proqnozunu unsiya üçün 5 400 dollara yüksəldiblər. Xatırladaq ki, əvvəlki proqnoz 4 900 dollar səviyyəsində olub, beləliklə, gözlənti 10%-dən çox artırılıb.
“Goldman Sachs”ın fikrincə, makroiqtisadi və siyasi risklərdən hedcinq məqsədilə qızıl alan fərdi investorlar ilin sonunadək mövqelərini qoruyacaqlar. Analitiklər bildirirlər ki, əvvəllər investorlar riskləri konkret hadisələrlə. məsələn, 2024-cü ilin noyabrında ABŞ prezident seçkiləri ilə əlaqələndirərək hedcinq edirdilər. İndi isə risklər daha genişmiqyaslıdır (məsələn, büdcə siyasətinin dayanıqlığı) və daha davamlı xarakter daşıyır; onların bir il ərzində aradan qalxması ehtimalı azdır.
2025-ci ildə qızılın dollar ifadəsində qiyməti 70%-dən çox artıb və 2026-cı ilin əvvəlində də dəyərli metal sürətlə bahalaşmaqda davam edir. Yanvarın 21-də qızılın spot qiyməti unsiya üçün 4 888,22 dollara çataraq tarixi maksimumu yeniləyib. Yanvarın 22-də Bakı vaxtı ilə saat 13:08-ə olan məlumata görə qızıl unsiya üçün 4 834 dollar səviyyəsində ticarət olunub (+0,1%).
Geosiyasi gərginlik və Donald Trumpın FED-ə qarşı tənqidlərinin yenidən artması fonunda investorlar qoruyucu aktivlərə vəsait yatırırlar. Bu amil ABŞ Mərkəzi Bankının müstəqilliyinə inamı zəiflədir: Tramp tənzimləyicini və onun sədri Cerom Paueli faiz dərəcələrini kifayət qədər sürətlə endirməməkdə tənqid edir. “Goldman Sachs” proqnozlaşdırır ki, FED bu il baza faiz dərəcəsini 50 baza bəndi azaldacaq; hazırda dərəcə 3,5–3,75% diapazonundadır.
Qızıl əlavə dəstəyi “dəyərdən düşməyə qarşı ticarət” adlandırılan trenddən alıb. Bu, investorların dövlət istiqrazları və dollar nağd vəsaitlərinin payını azaldaraq digər aktivlərə, xüsusən də qızıla üstünlük verməsi deməkdir. “Goldman Sachs” bildirir ki, buna dünyanın ən iri iqtisadiyyatlarında uzunmüddətli pul-kredit və büdcə siyasətinin perspektivləri ilə bağlı narahatlıqlar səbəb olur. Söhbət, o cümlədən, varlı ailələrin qızıl alışlarından və investorların gələcəkdə aktivi əvvəlcədən razılaşdırılmış qiymətlə almağa imkan verən “call” opsionlarını almasını əhatə edir.
“Goldman Sachs” analitikləri qızılın qiymətinin onların proqnozunu ötə biləcəyini də istisna etmirlər, çünki qlobal iqtisadi siyasətdə qeyri-müəyyənlik şəraitində fərdi investorlar portfellərini şaxələndirməyə davam edəcəklər. Eyni zamanda, onlar qeyd ediblər ki, qlobal pul-kredit siyasətinin uzunmüddətli perspektivləri ilə bağlı narahatlıqlar azalarsa, makrosiyasi risklərə qarşı hedcinqin aradan qalxması qızılın qiymətinin düşməsinə səbəb ola bilər.
Analitiklərin gözləntilərinə görə, dünya mərkəzi bankları 2026-cı ildə də qızıl alışlarını davam etdirəcək — orta hesabla ayda 60 ton. Onların fikrincə, inkişaf etməkdə olan ölkələrin tənzimləyiciləri ehtiyat strukturunda aktivlərin qızılın xeyrinə şaxələndirilməsini sürdürəcəklər. 2025-ci ilin əvvəlindən bəri qiymətli metal ilə təmin olunan birja fondlarındakı qızıl ehtiyatları təxminən 500 ton artıb ki, bu da proqnozları üstələyib.