RU

"Rəqəmsal dövr gözəl yazı vərdişlərini zəiflədir" - QHT sədrindən AÇIQLAMA

Hər il yanvarın 23-ü dünyada "Xətt Günü" və ya "Əl Yazısı Günü" ("National Handwriting Day") qeyd olunur. 

Mövzu ilə bağlı QHT.az-a açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib ki, orta əsrlərdən bəri Azərbaycanda belə bir ənənə mövcud olub ki, savadlı insan, hansı sənətin sahibi olmasından asılı olmayaraq, eyni zamanda gözəl xəttə də malik olmalıdır. O dövrdə həm şair, həm də gözəl yazan, yəni xəttat statusunu qazanmaq çox çətin idi. Ərəb əlifbası ilə yazılar yalnız gözəl xətti olan şəxslər tərəfindən köçürülürdü. Hələ o zamanlardan deyirdilər ki, uşaqları ilk növbədə gözəl yazıya öyrətmək lazımdır:

"Bizim də uşaqlıqdan müəllimlərimiz gözəl yazı qabiliyyətimizi inkişaf etdirirdilər. Hətta müəllimlər jurnalların, divar qəzetlərinin və digər yazı işlərinin tərtibini gözəl xətti olan şagirdlərə tapşırardılar. Gözəl yazmaq incəsənətdir. Məhz buna görə də ibtidai siniflərdə uşaqlara təkcə yazmaq deyil, gözəl yazmaq və düşünərək yazmaq bacarığı aşılanmalıdır. Müasir rəqəmsal dövrdə isə hər kəs kompüter və telefon vasitəsilə informasiya alır və ötürür. Kağız və qələmdən isə çox nadir hallarda istifadə olunur. Bu, bəlkə də vaxta qənaət baxımından üstünlükdür. Lakin insan sərbəst düşüncə qabiliyyətini və beynindəki fikirləri kağıza köçürdükcə, yazdıqlarını yaddaşında daha yaxşı saxlayır. Bu, bir kitabın elektron versiyasını oxumaqla, onu fiziki formada oxumaq arasındakı fərq kimidir".

QHT sədri həmçinin bildirib ki, nə etsək də, proses bizim istəyimizdən asılı olmayaraq inkişaf istiqamətində gedir. Rəqəmsal dövr həyatımızı asanlaşdırdıqca, təəssüf ki, gözəl yazmaq qabiliyyətimiz də tədricən zəifləyir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
22
qht.az

1Источники