RU

Hava limanlarının genişləndirilməsi üçün torpaqların alınması ilə bağlı qanunlara dəyişiklik edilir

Bakı, 22 yanvar, AZƏRTAC

Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda bir sıra dəyişiklik edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının və aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi məqsədilə hazırlanıb.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində torpağın alınmasına əsas verən beş dövlət ehtiyacı təsbit edilib. Beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi və ya genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində, genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.

Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, dövlət mülkiyyətində olan aeroportların və aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılır. Eyni zamanda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.5-cimaddəsindən irəli gələrək uyğunlaşdırma çərçivəsində Mülki Məcəllənin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözləri də əlavə edilir.

Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.

Избранный
139
21
azertag.az

10Источники