RU

Venesuela təcrübəsi Kubada təkrarlana bilərmi? Trampın planları - ÖZƏL

The Wall Street Journal-ın mənbələrinə görə, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyi üçün Havana rəhbərliyi daxilində tərəfdarlar axtarır. ABŞ tərəfi Kubanın iqtisadi böhran və Maduronun dəstəyinin azalmasını hökumətin həssas vəziyyətinə əsas göstərir.
ABŞ-ın Kuba hökuməti daxilində tərəfdar axtarması nə dərəcədə real və effektiv strategiya sayıla bilər? Maduronun dəstəyinin zəifləməsi Kubada mümkün siyasi dəyişikliklərə necə təsir göstərə bilər? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Tamamilə mümkündür ki, Tramp Kubada da hakimiyyət dəyişikliyi istiqamətində addımlar atmağa çalışacaq. Bu, gözlənilməz deyil. Xatırlayıram ki, bir neçə ay öncə artıq bu barədə demişdim və Venesuelada da hakimiyyət dəyişikliyi prosesinin gedəcəyini demişdim. Venesuela rəhbərliyi hazırda olduqca çətin vəziyyətdədir və ABŞ müdaxiləsini real şəkildə gözləyir. Məhz buna görə də müəyyən güzəştlərə getməyə məcbur oldular. 
Hakimiyyət daxilində ABŞ-la əməkdaşlığa meylli qruplar formalaşdı. Bu əməkdaşlığa getməyin əsas səbəblərindən biri də ABŞ-ın təhdidlərinin ciddi qəbul olunması idi.
Çünki başa düşürdülər ki, qarşıdurma baş verərsə, bu, həm ölkə üçün, həm Venesuela dövləti üçün, həm də Maduro hakimiyyəti və onun ətrafı üçün son dərəcə ağır nəticələr doğura bilər. Buna görə də qarşıdurmanı yumşaltmaq üçün Maduro müəyyən mənada "qurban" verildi.  Oxşar prosesləri digər ölkələrdə də müşahidə etmək mümkündür. Bu, Kuba da ola bilər, Nikaraqua da. Tramp yenidən ABŞ-ı izolyasiya siyasətinə qaytarır və bu çərçivədə Amerika qitəsində ABŞ-ın hegemon mövqeyini qorumağa çalışır. O, nə Avropa təsirini, nə də Çin təsirini qəbul edir. Əvvəllər dünya siyasətində Avropa müəyyən qədər rol oynayırdısa, indi bu imkanlar da məhdudlaşdırılır. Çin təsiri isə ümumiyyətlə qəbul edilmir. ABŞ-ın bu regiondakı maraqları sərt şəkildə qorunmalıdır və biz bunu artıq bir neçə istiqamətdə görürük. Trampın Nikaraqua və Kuba siyasətində bunu açıq şəkildə müşahidə edirik. Venesuela məsələsində isə artıq prosesin tamamlandığını demək olar. Eyni zamanda Panamaya yönəlik yanaşma da bunu göstərir. Tramp açıq bəyan edir ki, Panama limanları Çinə verilə bilməz və Panama kanalında Çinin hər hansı rolu ola bilməz.
Nikaraqua ilə bağlı məsələ isə hələ açıq qalır. Çünki bu ölkədə Çinin liman əldə etməsi və hətta alternativ kanal açmaq planları var. Tramp açıq şəkildə bildirir ki, Qrenlandiyadan Patagoniyaya qədər Amerika qitəsində heç bir xarici gücə yer verilməyəcək. Bu mövqe kifayət qədər aydındır və onun həyata keçirilməsi üçün artıq "uğurlu versiya" mövcuddur.
Bu uğurlu versiya Venesuelada hakimiyyətin dolayı yollarla dəyişdirilməsidir. Hesab edirəm ki, Tramp eyni ssenarini Kubada da tətbiq etməyə çalışacaq. Onun düşüncəsinə görə, açıq müharibə və ya genişmiqyaslı sanksiyalardansa, Kuba hakimiyyəti daxilində maraqlı və təsirli qruplar tapmaq, onları təhdid və təzyiq vasitəsilə razılaşmaya cəlb etmək daha effektivdir.
Əgər bu mümkün olarsa, Venesueladakı ssenari Kubada da təkrarlana bilər. Trampın bunu sınayacağı ehtimalı kifayət qədər yüksəkdir. Digər tərəfdən, Kubanın xarici dəstək imkanları da getdikcə azalır.
Kubanın əsas tərəfdaşları Rusiya, Çin, İran və Venesuela idi. Lakin artıq Venesuela ucuz neft göndərə bilmir və bu, Kubanın iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Hətta yanacaq və benzin qıtlığı ehtimalı da gündəmə gələ bilər. İranın imkanları məhduddur və Kuba ilə əməkdaşlıq edən ölkələrə real fayda verə bilmir. Hazırda əsas dəstək Rusiya və Çindən gəlir və bu dəstəyə bağlı olan qruplar mövcuddur. Eyni zamanda Rusiya və Çinlə əməkdaşlıqdan narazı olan, ABŞ-ın təhdidlərinin real olduğunu anlayan və Kubanın bütövlüyünü, daxili sabitliyini qorumaq üçün ABŞ-la müəyyən razılaşmalara getməyə hazır olan qruplar da istisna deyil. ABŞ məhz bu qruplardan Venesuelada olduğu kimi Kubada da rahatlıqla istifadə etməyə çalışacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники