Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2022-ci ilin aprelindən bəri ilk dəfə ona qarşı baxılan iş üzrə məhkəmə iclasında şəxsən iştirak edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb.
Tbilisi Şəhər Məhkəməsi 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması ilə bağlı işi nəzərdən keçirib. Məhkəmə iclasında çıxış edən Saakaşvili hakimiyyəti tənqid edib, müxalifəti birliyə çağırıb və azadlıqda olsaydı, hakim “Gürcü Arzusu” Partiyasının hakimiyyətinə bir saat ərzində son qoyacağını bildirib.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. Onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb, amma saxlanılıb və ona yeni ittiham (“dövlət sərhədini qanunsuz keçmə”) irəli sürülüb.