RU

Azərbaycan qlobal sülhün təsisçi tərəfdaşı rolunda

 

ABŞ Prezidenti “Sülh Şurası”nın yaradılması barədə verdiyi qərarla qlobal diplomatiyada yeni bir səhifə açdı. Tramp administrasiyası xarici siyasətdə çevik, nəticəyə fokuslanan və ənənəvi beynəlxalq institutlardan fərqli platformalara üstünlük verir. Onun dövründə ABŞ rəhbərliyi dəfələrlə BMT, ATƏT və NATO daxilindəki mexanizmlərin sürətli və operativ qərarvermə imkanlarının məhdud olduğunu vurğulayıb.

 

“Sülh Şurası” konsepti isə məhz bu çatışmazlıqların aradan qaldırılmasına yönəlik bir addım kimi formalaşdırılıb. Siyasi iradəyə əsaslanan, konkret nəticələrə fokuslanan və qlobal münaqişələrə çevik cavab verə bilən bir struktur. Yeni təşkilatın adı isə münaqişələrin dərinləşdiyi, regional savaşların beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıtdığı dövrdə həm simvolik, həm də strateji məzmun daşıyır. ABŞ-ın bu quruma Azərbaycanı təsisçi üzv kimi dəvət etməsi ölkəmizin geosiyasi çəkisini bir daha təsdiqləyir. Bu, yalnız yeni beynəlxalq platformanın yaradılması deyil, eyni zamanda Azərbaycanın artan regional və qlobal nüfuzunun əyani göstəricisidir.

 

Təsadüfi deyil ki, Azərbaycan bu Şurada təsisçi üzv qismində yer alır. Burada bir neçə əsas amil önə çıxır. Birincisi, Azərbaycanın regional sülh təcrübəsi diqqət çəkir. Son illərdə ölkə Cənubi Qafqazda post-münaqişə reallıqlarının formalaşmasında əsas aktor rolunu oynayıb. Ermənistanla normallaşma prosesləri, regional kommunikasiyaların açılması təşəbbüsləri və çoxtərəfli dialoqa verdiyi dəstək Bakının sülhə sadiqliyini nümayiş etdirir. İkincisi, Azərbaycanın beynəlxalq etibarlılığı ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və Avropa ilə strateji enerji əməkdaşlığı Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirib.

 

Ölkəmiz sabitliyi təşviq edən, praqmatik və balanslı xarici siyasət yürüdən dövlət modeli kimi ABŞ üçün dəyərli aktordur. Üçüncüsü, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi diplomatik aktivlik və çoxtərəfli institutlarda effektiv iş təcrübəsi növbəti beynəlxalq strukturlarda rol almaq üçün mühüm baza yaradır. Bu dəvət eyni zamanda Vaşinqton-Bakı münasibətlərində yeni siyasi mərhələni işarələyir. Dovosda Prezident İlham Əliyevlə Donald Tramp arasında baş tutan görüş və “Sülh Şurası”nın yaradılması barədə imzalanan sənəd, ölkələr arasında strateji əməkdaşlıq çərçivəsini genişləndirir.

 

Azərbaycan regionda güc mərkəzi kimi müstəqil qərarvermə qabiliyyətinə malik olması ilə ABŞ üçün etibarlı tərəfdaş modelini təsdiqləyir. “Sülh Şurası” platformasında ölkəmiz regional münaqişələrin həlli, vasitəçilik təşəbbüsləri, humanitar və post-münaqişə bərpası məsələlərində daha aktiv və görünən aktor rolunu oynayacaq. Yeni qurumun formalaşması bəzi regional və qlobal güc mərkəzləri tərəfindən rəqabət prizmasından izlənilə bilər. Bununla belə, Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasəti riskləri minimuma endirmək üçün kifayət qədər manevr imkanları təqdim edir. Beləliklə, Azərbaycan yalnız regional deyil, qlobal sülh gündəliyində söz sahibi olan aktor kimi mövqeyini möhkəmləndirir.

 

Təsisçi üzv kimi qoşulmaq ölkənin diplomatik prestijini artırmaqla yanaşı, beynəlxalq proseslərdə təsir imkanlarını genişləndirir və Azərbaycanın strateji nüfuzunu qlobal səviyyədə daha da gücləndirir. “Sülh Şurası” ilə Azərbaycan artıq qlobal diplomatiyada yalnız müşahidəçi deyil, aktiv və təsirli tərəfdaş kimi tanınır. Bu addım ölkənin uzunmüddətli sülh və stabillik gündəliyini, çoxtərəfli əməkdaşlığa verdiyi əhəmiyyəti və regional liderlik mövqeyini dünya səviyyəsində önə çıxarır.

 

Dovos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakı, forum çərçivəsində dünya dövlətlərinin və beynəlxalq təşkilatların liderləri ilə aparılan görüşlər, ölkənin qlobal diplomatik çəkisini açıq şəkildə nümayiş etdirir. İlham Əliyevin fəal iştirakı, Azərbaycanın sülh təşəbbüslərindəki rolunu və çoxtərəfli diplomatiya sahəsindəki təcrübəsini dünyaya göstərir. Bu forum habelə ABŞ ilə imzalanan “Sülh Şurası” sənədinin beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxmasına imkan yaratdı. İlham Əliyevin Dovosdakı mövqeyi Azərbaycanın qlobal siyasətdə strateji aktor kimi tanınmasını daha da möhkəmləndirdi.

 

Azər Niftiyev

Tarix: 22 Yanvar 2026, 16:54   
Избранный
12
pravda.az

1Источники