RU

İrandan Türkiyəyə qaçqın axını VANDA NƏ BAŞ VERİR?

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

İranda baş verənlər artıq daxili proses olmaqdan çıxıb. Bu, sərhədləri aşan, regionu silkələyən və Türkiyənin cənub-şərqində real sosial-təhlükəsizlik dilemması yaradan bir vəziyyətdir. Söhbət klassik müharibə qaçqınlarından getmir. Van şəhərinin otellərində, kirayə evlərində məskunlaşan iranlılar nə turistdir, nə də rəsmi sığınacaq axtaran qaçqınlar. Onlar internet üçün sərhəd keçən insanlardır.

Musavat.com-un Vandakı mənbəsinin bildirdiyinə görə, şəhərdə son həftələr müşahidə olunan iranlı axını yerli əhali üçün də suallar doğurur. Taksi sürücüləri, otel işçiləri, kiçik ticarət obyektlərinin sahibləri bu insanları “qaçqın” yox, “mağdur” adlandırırlar.

“Bu qədər iranlı axınını biz sonuncu dəfə İsraillə 12 günlük müharibə zamanı görmüşdük. İndi müharibə yoxdur, amma İrandan dəstə-dəstə insanlar gəlir”, – deyə yerli sürücülər bildirirlər.

Beynəlxalq mənbələrin və insan haqları təşkilatlarının da təsdiqlədiyi kimi, İranda son dövrlərdə internetin kütləvi şəkildə kəsilməsi, informasiya blokadası və nəzarət mexanizmlərinin sərtləşdirilməsi müşahidə olunur. Sosial şəbəkələr, xarici platformalar, hətta bəzən elementar mesajlaşma xidmətləri belə sıradan çıxarılır. Bu isə söz azadlığının boğulması ilə yanaşı, iqtisadi həyatın iflici deməkdir.

Vana gələn iranlılar onlayn bizneslərinin çökdüyünü gizlətmirlər. Deyirlər ki, xarici tərəfdaşları ilə əlaqələri kəsilib. Bank əməliyyatları, ticarət və xidmət sektoru dayanıb. Ona görə də onlar Türkiyəyə çörək dalınca yox, internet dalınca gəlirlər.

Mənbəmizin dedikləri vəziyyətin nə qədər qorxulu olduğunu açıq şəkildə göstərir. İrana geri qayıdan iranlılar sərhəddə mobil telefonlarını gizlədirlər. Çünki telefon potensial cinayət sübutudur. Bir cümləlik xarici mediaya müsahibə, bir paylaşılan şəkil, bir VPN bağlantısı İranda qandallanmaq, istintaqda uzun-uzadı sorğu-sual, ağır ittiham deməkdir.

Bu səbəbdən Van otellərində qalan bir çox iranlı geri qayıtmaqdan qorxur, amma qalmağa da cəsarət etmir. Hazırda Vandakı iranlıların böyük əksəriyyəti Türkiyə dövlətindən rəsmi qaçqın statusu tələb etmir. Onlar internetin bərpa olunacağına, təzyiqlərin azalacağına, həyatın yenidən normallaşacağına ümid edirlər. Ümid qırılarsa, növbəti mərhələ Türkiyəyə real miqrasiya dalğası ola bilər. Və bu dalğa təkcə Vanı yox, bütün regionu silkələyə bilər.

Türkiyə cəmiyyətində də bu proses birmənalı qarşılanmır. Bir tərəf etirazları xarici müdaxilə, ABŞ–İsrail ssenarisi, “İranı parçalama planı” kimi qiymətləndirir. Digər tərəf isə hesab edir ki, bu, İran cəmiyyətinin içdən partlaması, uzun illər yığılan qorxu, basqı və iqtisadi çöküşün nəticəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İran bu sınaqdan çıxacaq” deyir. Bu cümlənin arxasında isə ciddi geosiyasi narahatlıq dayanır. İranın destabilizasiyası kürd faktorunu yenidən alovlandıra bilər, sərhəd təhlükəsizliyini zəiflədə və milyonlarla insanın Türkiyə istiqamətində hərəkətini qaçılmaz edə bilər.

Bu gün Van otellərindəki iranlılar hələlik “yarımqaçqın”dır. İranda internetin kəsilməsi texniki məsələ olmaqdan çıxaraq insanları ölkədən çıxaran siyasi alətə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
icma.az

2Источники