Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hindistanda maraqlı bir hadisə baş verib: sosial xidmətlər bir dilənçiyə kömək etmək istəyiblər, amma onun əslində çox varlı olduğu ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Manqilal adı ilə tanınan 50 yaşlı kişi illərdir Sarafa bazarında “məskən salıbmış”. Yeriyə bilmədiyi üçün o, təkərli kiçik taxta platformanın üzərində ayaqlarını çarpazlayaraq oturur və həmin platformanın köməyi ilə ərazi boyunca yavaş-yavaş hərəkət edirdi.
Səkiyə sürtüb cızmamaq üçün Manqilal hərəkət edərkən əllərini ayaqqabısının içində saxlayırdı.
Vəziyyətinə baxmayaraq, o, heç vaxt yoldan keçənlərin yanına yaxınlaşıb sədəqə istəmirdi, sadəcə səssizcə bir yerdə otururdu. Bu da onun durumunu daha ümidsiz göstərirdi.
Lakin bu mənzərə yerli məmurlar küçələrdəki həssas insanları xilas etməyə yönəlmiş kampaniya çərçivəsində müdaxilə edəndən sonra dəyişib.

Manqilalı aparıb ona duş qəbul etmək imkanı yaradandan və təmiz paltar verəndən sonra aparılan yoxlama onun Hindistan rupisi ilə milyonçular sırasına daxil edəcək qədər aktivlərə sahib olduğunu üzə çıxarıb. Bu isə onun illərlə aşkar olunmadan necə dilənçilik edə bilməsi ilə bağlı suallar doğurub.
İndor dairəsinin magistratı Şivam Verma bildirib: “Həmkarlarım onu bir az sıxışdırdılar və məlum oldu ki, onun üçmərtəbəli bir evi, ikinci evi və sosial təminat üzrə dövlət proqramı çərçivəsində verilmiş bir mənzili var. O, həmin mənzildə valideynləri ilə birlikdə yaşayır”.
Onlar həmçinin onun bir avtomobilə və icarəyə verdiyi bir neçə avtorikşaya sahib olduğunu da müəyyən ediblər.
Dindirilmə zamanı Manqilal etiraf edib ki, dilənçilikdən topladığı pullar yaşamaq üçün xərclənməyib, əksinə yenidən Sarafa bazarına yatırılıb.
O, yerli ticarətçilərə bir günlük və ya bir həftəlik nağd pul borc verir, faiz alır və həmin faizi hər axşam şəxsən özü yığırdı.
Verma əlavə edib: “İndorda həm dilənçilik etmək, həm də sədəqə vermək cinayət sayılır. Bizim məqsədimiz onlara ləyaqətli həyat sürməyə kömək etməkdir”.
Məmurlar həmçinin Manqilalın bank hesablarında nə qədər pulunun olduğunu da araşdırırlar.
Verma bildirib ki, ilk addım olaraq hökumət tərəfindən ona verilmiş sosial mənzilin əlindən alınması nəzərdə tutulur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.