Müasir bazar iqtisadiyyatı şəraitində fərdi sahibkarlar ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Kiçik və orta sahibkarlığın əsas sütunlarından biri olan fərdi sahibkarlıq həm məşğulluğun artırılması, həm də iqtisadiyyatın çevik və dayanıqlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Fərdi sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərərək bazarın dinamikliyini artırır, rəqabət mühitini gücləndirir və innovasiyaların yayılmasına töhfə verirlər.
Ölkədə fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb
İlk növbədə, fərdi sahibkarlar məşğulluğun təmin edilməsində mühüm rol oynayırlar. Onlar həm özləri üçün iş yeri yaradır, həm də fəaliyyətlərini genişləndirdikcə əlavə işçi qüvvəsinə ehtiyac duyurlar. Bu isə işsizliyin azaldılmasına və əhalinin gəlir səviyyəsinin yüksəlməsinə şərait yaradır. Xüsusilə regionlarda fəaliyyət göstərən fərdi sahibkarlar yerli əhalinin məşğulluğunun artırılmasında və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynayırlar. Bu fonda Azərbaycanda sahibkarların sayının sürətli artımı mühüm əhəmiyyət kəsb edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda, Lənkəran-Astara, Qazax-Tovuz və Mərkəzi Araniqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,3 faizini kişilər, 23,7 faizini isə qadınlar təşkil edib.Daha bir mühüm nüans odur ki, ölkədə ictimai iaşə dövriyyəsinin artımında da fərdi ssahibkarların rolu artır.
2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 12,2 faiz artaraq 2 milyard 808,6 milyon manat olub. Dövlət Statistika Komitəsi qeyd edir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü illə müqayisədə 12 faiz artaraq 1 milyard 422,2 milyon manat olub.Pərakəndə ticarət şəbəkəsi ilə bağlı vəziyyət də bu baxımdan xüsusi diqqət cəlb edir. 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2024-cü illə müqayisədə 3,8 faiz artaraq 67 milyard 475,9 milyon manata bərabər olub, onun 49,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Bütün bunlar onu göstərir ki, fərdi sahibkarlıq iqtisadiyyatın şaxələndirilməsinə də ciddi töhfə verir. Böyük şirkətlər əsasən iri layihələrə və kapital tutumlu sahələrə yönəldiyi halda, fərdi sahibkarlar ticarət, xidmət, kənd təsərrüfatı, turizm və sənətkarlıq kimi sahələrdə fəal iştirak edirlər. Bu isə iqtisadiyyatın bir sahədən asılılığını azaldır və dayanıqlı inkişaf üçün sağlam zəmin yaradır. Xüsusilə qeyri-neft sektorunun inkişafında fərdi sahibkarların rolu danılmazdır. Fərdi sahibkarlar bazarda rəqabət mühitinin formalaşmasına mühüm təsir göstərirlər. Onların fəaliyyəti qiymətlərin tənzimlənməsinə, xidmət və məhsul keyfiyyətinin yüksəlməsinə səbəb olur. Rəqabət şəraitində fəaliyyət göstərən sahibkarlar istehlakçı tələblərinə daha çevik reaksiya verir, bazar dəyişikliklərinə tez uyğunlaşırlar. Bu da ümumi iqtisadi səmərəliliyin artmasına gətirib çıxarır. Fərdi sahibkarların iqtisadi inkişafda rolu fiskal baxımdan da əhəmiyyətlidir. Onlar dövlət büdcəsinə vergi ödəyicisi kimi töhfə verir, sosial fondların formalaşmasında iştirak edirlər. Vergi daxilolmalarının artması isə dövlətin sosial layihələri maliyyələşdirməsinə, infrastrukturun inkişafına və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Bu baxımdan fərdi sahibkarlıq dövlət və cəmiyyət arasında mühüm iqtisadi körpü rolunu oynayır.
Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq edələcək
İnnovasiya və təşəbbüskarlıq fərdi sahibkarlığın əsas xüsusiyyətlərindəndir. Fərdi sahibkarlar yeni ideyaların reallaşdırılmasında, müasir texnologiyaların tətbiqində və qeyri-ənənəvi biznes modellərinin formalaşdırılmasında daha çevik olurlar. Onlar bazardakı boşluqları tez müəyyən edir və innovativ həllər təklif edirlər. Bu xüsusiyyət iqtisadiyyatın modernləşdirilməsində və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
Regionların inkişafında fərdi sahibkarların xüsusi rolu vardır. Böyük investisiyalar əsasən paytaxt və iri şəhərlərdə cəmləşdiyi halda, fərdi sahibkarlar ucqar ərazilərdə də fəaliyyət göstərərək regional iqtisadi balansın qorunmasına töhfə verirlər. Regionların inkişafında fərdi sahibkarların rolu yerli iqtisadiyyatın canlanması ilə birbaşa bağlıdır. Fərdi sahibkarlar kənd təsərrüfatı, ticarət, xidmət, turizm və sənətkarlıq sahələrində fəaliyyət göstərərək regional bazarların formalaşmasına töhfə verirlər. Onlar yerli xammal və resurslardan istifadə edərək məhsul istehsal edir, bu isə əlavə dəyər yaradır və regionun iqtisadi potensialını artırır. Dövlətin regionların inkişafı ilə bağlı həyata keçirdiyi proqramlarda fərdi sahibkarlar əsas icraçı tərəf kimi çıxış edirlər. Güzəştli kreditlər, subsidiyalar, vergi və gömrük güzəştləri fərdi sahibkarların regionlarda fəaliyyətini stimullaşdırır. Bu dəstək mexanizmləri sahibkarlığın genişlənməsinə və regionların iqtisadi cəhətdən daha cəlbedici olmasına şərait yaradır. Onu da qeyd edək ki, Güclü fərdi sahibkarlıq mühiti olmayan bir iqtisadiyyatın dayanıqlı və uzunmüddətli inkişafı mümkün deyil. Buna görə də fərdi sahibkarların dəstəklənməsi ölkəmiz iqtisadi strategiyasının prioritet istiqamətlərindən biridir.Bu arada biq məqamı da qeyd edək ki, Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq edələcək. Bundan başqa, 2026-cı ildə qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat güzəşt tətbiq olunacaq. İl ərzində həmçinin qeyri-kommersiya fəaliyyətinə 436,5 milyon manat, qrant, humanitar və texniki yardıma 33,4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonasına 4,7 milyon manat, beynəlxalq müqavilələrə 1,4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyətinə 698,4 milyon manat, sosial baxımdan həssas əhali qrupuna 674,9 milyon manat azadolma tətbiq ediləcək. Bütün bunlar ölkədə sahibkarlığın inkişafını daha dinamik hala gətirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.