Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlərin bir neçəsinin ifadələri alınıb.
İclas 3 saatdan artıq davam edib. Ümumilikdə isə proses üzrə 30-dan artıq şahid var. Şahidlərin hissə-hissə məhkəməyə çağrılacağı gözlənilir.
Şahid Gültən Quliyeva ifadəsində Gündüz Abbasovdan fərqli olaraq Kamran Əsədovu öncədən tanıdığını bildirib. O, ifadəsində qeyd edib ki, övladı buraxlış imtahanından az bal toplayıb. K.Əsədovu ekspert kimi tanıdığını və ondan övladının kollecə qəbul olmasında kömək istəyib. K.Əsədov isə öz növbəsində kömək edəcəyini, hətta övladının universitetə qəbul olunacağını deyib. Bunun müqabilində K.Əsədova 15 min manat ödəyib və ödənişi şəxsən özü verib.
G.Quliyeva K.Əsədovun köməkçisi olan Bəhmən adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini deyib. Ona “WhatsApp” üzərindən səs yazısı atdığını bildirib. Sonradan pul geri istənilsə də, K.Əsədov məbləği qaytarmaq istəməyib. Qadın ibtidai istintaqa çağırıldıqdan sonra K.Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra şahid Bəhmən Hüseynli hakimə ifadə verib. Hakim ondan şahidlərə hansı səbəbdən təsir etdiyini soruşub. Lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib. Ardından B. Hüseynlidən avadanlıqların kimin vasitəsilə hazırlandığı və necə quraşdırılması soruşulub. O isə bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K.Əsədovun ofisində hazırlaşdığını görüb. Amma pulun verilməsi zamanı orada olmadığını deyib.
Məlumat üçün bildirək ki, B.Hüseynli K.Əsədovun qaynıdır.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik “vip smart” telefon, nanoqulaqlıq, “Mi-Fi” cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Növbəti məhkəmə iclası yanvarın 23-ü, saat 14:00-a təyin olunub.