RU

Tramp Kanadanın “Sülh Şurası”na dəvətini geri çağırıb

ABŞ prezidenti Mark Karniyə göndərilən dəvətin Kanada liderinin Davosdakı çıxışından sonra ləğv etdiiyini açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karninin “Sülh Şurası”na qoşulması üçün göndərilmiş dəvəti geri götürüb. Bu qərar Karninin Davosda keçirilən Ümumdünya İqtisadi Forumundakı çıxışından sonra verilib. Reuters Agentliyinin məlumatına görə, Kanada hökumətinin başçısı həmin çıxışında Vaşinqtonun digər ölkələrə qarşı iqtisadi təzyiq rıçaqlarından istifadə etməsini tənqid edib.

Bundan sonra Donald Tramp Truth Social sosial şəbəkəsində Mark Karniyə ünvanlanan paylaşım edib. Paylaşımda o, Kanadanın “indiyədək yaradılmış ən nüfuzlu liderlər şurası”na qoşula bilməyəcəyini bildirib. Qeyd olunur ki, bir həftə əvvəl Karninin ofisinin rəsmi nümayəndələri “Sülh Şurası”na daxil olmaq üçün dəvət aldıqlarını təsdiqləmiş və ölkənin bu dəvəti qəbul etməyi planlaşdırdığını açıqlamışdılar.

Məlumata görə, “Sülh Şurası” ilkin mərhələdə Qəzza sektorunda atəşkəs və sülh şərtlərinə əməl olunmasına nəzarət etmək məqsədilə yaradılıb. Təşəbbüs BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Daha sonra Donald Tramp təşkilatın səlahiyyətlərinin genişləndirildiyini və qurumun dünyanın digər bölgələrindəki münaqişələrin həlli ilə də məşğul olacağını bəyan edib.

Reuters-in yazdığına görə, təşkilata üzv olmaq üçün 58 ölkəyə, o cümlədən Rusiyaya dəvət göndərilib. Bununla yanaşı, ABŞ-nin əsas müttəfiqləri olan Böyük Britaniya, Fransa və İtaliya hələlik bu təşəbbüsə qoşulmaq niyyətində olmadıqlarını bildiriblər. Ekspertlər hesab edir ki, Vaşinqtonun bu addımı ABŞ-Kanada münasibətlərində əlavə siyasi gərginlik yarada və beynəlxalq diplomatik proseslərə təsir göstərə bilər.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники