Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz silah gəzdirmə, oğurluqda təqsirləndirilən Ramiz Budaqov və onun qohumu, oğurluqda ittiham olunan Səlim Əkbərzadənin (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü Ramiz Budaqov 4 il 11 ay 28 gün və müddətə azadlıqdan məhrum edilib, Səlim Əkbərzadə isə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Ramiz Budaqov dərhal məhkəmə zalından həbsə alınıb.
İstintaq materiallarına əsasən, Ramiz Budaqov tanışı, zərərçəkmiş İntiqam Kərimovun (adı, soyadı şərtidir) sağlamlığına qəsdən ağır zərər vurmaqda, qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməkdə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla oğurlamaqda ittiham olunur.
Məlumata görə, hadisə 31 may 2023-cü il tarixdə Göygöl rayonu, Bəhrəmbağ kəndinin inzibati ərazisində yerləşən adsız çayxanada baş verib. Ramiz gecə saat 00:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həmin çayxanada əvvəldən tanıdığı zərərçəkmiş şəxslə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən münaqişəyə cəlb olunub. Bundan sonra mübahisəni “təklikdə aydınlaşdırmaq” məqsədilə həmin gün saat 02:00 radələrində Göygöl rayonu, Bəhrəmbağ kənd orta məktəbinin yaxınlığında İntiqamla görüş təyin edilib.
Görüş zamanı aralarında yenidən mübahisə yaranıb. Təqsirləndirilən şəxs qəsdən zərərçəkmişin sağlamlığına xəsarət yetirmək niyyəti ilə ona yumruq və təpik zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsə sol göz nahiyəsində qançır və şişkinlik yaranıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət kimi qiymətləndirilib.
Bununla kifayətlənməyən Ramiz üzərində gəzdirdiyi mətbəx bıçağı ilə İbrahimin qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsə qarın nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın zədələnməsi kimi həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirilib. Ekspertiza rəyinə əsasən, bu xəsarətlər sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Ramiz naməlum vaxtda və naməlum mənbədən zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək 31 may 2023-cü il tarixədək üzərində gəzdirib. Həmin tarixdə saat 11:55 radələrində Göygöl Rayon Polis Şöbəsinin inzibati binasında istintaq qrupunun baş müstəntiqi tərəfindən sözügedən soyuq silah götürülüb.
Bundan başqa, Ramiz qohumluq münasibətində olduğu digər təqsirləndirilən şəxs - Səlim Əkbərzadə ilə qabaqcadan əlbir olaraq özgənin əmlakını oğurlamaq məqsədilə bir neçə epizod üzrə cinayət əməlləri törədib. Belə ki, onlar 6 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu ərazisində yerləşən yay otlaq sahəsindən nəzarətsiz qalan iki baş iri buynuzlu heyvanı gizli yolla oğurlayıb və sonradan Bərdə rayonu, Alpout kəndində yerləşən “Mal bazarı”nda satıblar. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 2700 manat maddi ziyan vurulub.
İstintaq materiallarına görə, həmin şəxslər daha sonra təkrarən cinayət törədərək 27 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisində yerləşən “Balıqlı dərə” yay otlaq sahəsindən ümumilikdə 10 baş iri buynuzlu heyvanı gizli yolla oğurlayıblar. Oğurlanmış heyvanların ümumi dəyərinin təxminən 21 485 manat olduğu müəyyən edilib. Heyvanlar növbəti gün Bərdə rayonu ərazisində satılmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.
İttihamda göstərilib ki, Səlim zərərçəkmiş şəxslərə məxsus əmlakın oğurlanmasında köməklik edərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talayıb.
Kamal Məmmədov