
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Skal İnternational" turizm peşəkarları təşkilatının Bakı klubunun rəsmi dəstəyi, Trabzon İmperial Xəstəxanasının və "Aydın Partners" şirkətinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib.
AFN.az xəbər verir ki, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlər ətrafında geniş müzakirə aparılıb.
Konfrans çərçivəsində ən çox tələb olunan tibbi sahələr, o cümlədən: kardiologiya və ürək-damar cərrahiyyəsi; ortopediya və travmatologiya; plastik və estetik cərrahiyyə; onkologiya, check-up proqramları; azərbaycanlı pasiyentlər üçün xüsusi müalicə paketləri və təkliflər; pasiyentlərin qəbul prosesi zamanı: müraciət, diaqnostika, müalicə və reabilitasiya; qiymət siyasəti və sığorta imkanları; viza, transfer, yerləşmə və logistika dəstəyi; iki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri; marketinq və birgə tanıtım strategiyaları; pasiyent məmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlar kimi mövzular xüsusi aktuallıq təşkil edib.
Konfransın sonunda keçirilən sual-cavab sessiyasında hər iki tərəfin nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcə də qarşılıqlı konfransların, seminarların və infoturların keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Bakı-Trabzon birbaşa aviaxəttinin mövcudluğu və uçuş sayının artırılması iki ölkə arasında sağlamlıq turizmi əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanıb.
![]()
![]()
![]()
![]()
![]()