RU

Aİ Komissiyasının rəhbəri Qrenlandiyaya investisiya planını açıqlayıb

Brüssel adanın strateji əhəmiyyətini əsas gətirərək iri maliyyə paketi hazırlayır...

Avropa Komissiyası yaxın vaxtlarda Qrenlandiya üçün “əhəmiyyətli investisiya paketi” təqdim edəcək.

Poliqon xəbər verir ki, bu barədə jurnalistlərə Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan investisiyalar Avropa İttifaqı ilə Qrenlandiya arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək.

Ursula fon der Lyayen bildirib ki, Aİ regiondakı tərəfdaşlarla təhlükəsizlik və müdafiə sahəsində əlaqələri gücləndirməlidir. O qeyd edib ki, Böyük Britaniya, Kanada, Norveç, İslandiya və digər ölkələrlə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır və Qrenlandiya üçün bu, artıq real geosiyasi zərurətə çevrilib. Aİ Komissiyasının rəhbəri bu fikirləri mətbuat konfransında səsləndirib və çıxışının videosunu “X” sosial şəbəkəsində paylaşıb.

Aİ rəsmisi vurğulayıb ki, Brüssel Qrenlandiya məsələsində, o cümlədən ABŞ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, Avropa İttifaqı Arktika üçün nəzərdə tutulmuş avadanlıqların, xüsusilə Avropa istehsalı olan buzqıran gəminin alınmasına maliyyə ayıracaq. Bu addımın regionda həm mülki, həm də təhlükəsizlik imkanlarını gücləndirəcəyi bildirilir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun Qrenlandiyanı özünə birləşdirmək planları barədə açıqlamalar verib. O, fevralın 1-dən etibarən Danimarkanın adaya sahiblik mövqeyini dəstəkləyən Avropa ölkələrinə qarşı 10 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. Buna cavab olaraq bir sıra Avropa ölkələri ABŞ-yə qarşı “ticarət bazukası” adlandırılan sərt iqtisadi tədbirlərin mümkünlüyünü gündəmə gətiriblər.

Yanvarın 22-də Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə danışıqlar zamanı Qrenlandiya ilə bağlı müəyyən plan üzərində razılığa gəlib, lakin bu planın detalları ictimaiyyətə açıqlanmayıb. “Axios”un məlumatına görə, razılaşma ABŞ-nin adada hərbi mövcudluğunu gücləndirməsinə və NATO-nun ehtiyacları çərçivəsində müdafiə zonalarının yaradılmasına imkan verə bilər.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники