RU

Tramp NATO-nun 5-ci maddəsinin tətbiqini yoxlamaq istədiyini bildirib

ABŞ prezidenti alyansın kollektiv müdafiə mexanizmini ölkənin cənub sərhədinin qorunması üçün işə salmaq istədiyini deyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO-nun 5-ci maddəsinin tətbiq olunmasını istədiyini bəyan edib. Onun sözlərinə görə, bu addım alyansın real imkanlarını yoxlamaq və ABŞ-nin cənub sərhədinin qanunsuz miqrant axınından qorunmasında NATO-nun rolunu artırmaq məqsədi daşıya bilər.

Donald Tramp bildirib ki, NATO-nun kollektiv müdafiə mexanizmi sınaqdan keçirilə bilər. O vurğulayıb ki, 5-ci maddənin tətbiqi ilə alyans qüvvələri ABŞ-yə gələrək cənub sərhədini qeyri-qanuni miqrantların davam edən “işğalından” qoruyar, bu isə sərhəd patrulunda çalışan çoxlu sayda əməkdaşın digər vəzifələrə cəlb olunmasına imkan verərdi. Tramp bu fikirləri çıxışı zamanı açıq şəkildə səsləndirib və NATO-nun üzərinə daha böyük məsuliyyət düşməli olduğunu bildirib.

Qeyd edək ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipinə əsaslanır. Həmin maddəyə görə, alyansın hər hansı bir üzvünə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir və bu halda digər üzv ölkələr təhlükəsizliyin bərpası məqsədilə, o cümlədən hərbi güc tətbiq etməklə yardım göstərməyə borcludur. İndiyədək bu maddə rəsmi şəkildə yalnız bir dəfə — 2001-ci il 11 sentyabr terror aktlarından sonra tətbiq olunub.

Ekspertlərin fikrincə, Trampın bu açıqlaması daha çox siyasi mesaj xarakteri daşıyır və NATO-nun səlahiyyətləri ilə bağlı geniş müzakirələrə səbəb ola bilər. Çünki alyansın 5-ci maddəsi əsasən xarici hərbi təhdidlərə qarşı nəzərdə tutulub və miqrasiya məsələlərinin bu çərçivəyə salınması beynəlxalq hüquq baxımından mübahisəli hesab olunur.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники