RU

Qaxda taxıl sahələrində bol məhsulun təməli qoyulur - Qar və şaxta fermerlərin üzünü güldürür

Qax, 23 yanvar, Rasim İslamoğlu, AZƏRTAC

El arasında qar əkin sahələrinin "ağ yorğanı", şaxtalar isə zərərvericilərin qənimi hesab olunur. Ötən iki ildən fərqli olaraq, bu il Şəki-Zaqatala bölgəsində payız və qış aylarının iqlim normalarına uyğun keçməsi fermerlərin ürəyincədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaxlı fermer və mütəxəssislər bu ilin qış mövsümünü kənd təsərrüfatı üçün uğurlu hesab edirlər. İndiyədək rayon ərazisinə bir neçə dəfə qar yağması və mütəmadi müşahidə olunan şaxtalar gələcək bol məhsul üçün münbit zəmin yaradır. Mütəxəssislər sahələrdə apardıqları müşahidələr zamanı bitkilərin cücərmə və qidalanma prosesinin normal getdiyini bildirirlər.

Ötən ilin payızında, əkin dövründə havaların uzun müddət isti və quraq keçməsi, xüsusilə dəmyə sahələrdə taxılın bitişini xeyli ləngitmişdi. Lakin dekabr və yanvar aylarındakı yağıntılar, xüsusən də qar taxıl bitkiləri üçün əsl "dərman" oldu.

İxtisasca bitkiçilik mütəxəssisi olan fermer Eyvaz Aslanov qarın dəmyə torpaqlar üçün su ehtiyatı baxımından xüsusi əhəmiyyətini vurğulayır: "Qışda yığılan qar yazda tədricən əriyərək torpağın dərin qatlarına hopur. Bu, yaz vegetasiyasının əvvəlində buğda və arpa üçün əvəzolunmaz nəm ehtiyatı formalaşdırır. Kök sisteminin inkişafında bu rütubət həlledici rol oynayır. Yağıntı olmasa, yazda torpaq tez quruyar və bitkilər erkən susuzlaşma problemi ilə üzləşər".

Mütəxəssislər bildirirlər ki, bölgənin coğrafi mövqeyinə görə ən optimal səpin müddəti 15 oktyabr - 15 noyabr aralığıdır. Eyvaz Aslanovun sözlərinə görə, vaxtında əkilən sahələrdə bitkilərin müşahidə edilən inkişafı məhsulun bol olacağından xəbər verir.

Uzun illər bu sahədə çalışan Ləkit kənd sakini Rövşən Şirinov əkinçilikdə müasir texnologiyaların rolunu qeyd etsə də, təbiət amilinin hələ də bir nömrəli məqam olduğunu deyir: "Müasir texnikalar torpağın münbitliyini qorumağa kömək edir, lakin kənd təsərrüfatı birbaşa təbiətdən asılıdır. Nə qədər aqrotexniki qulluq olsa da, qarın və şaxtanın öz yeri var. Bu il yağıntının bol olması əkinçilərin ümidini artırıb".

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rəvan Nəsirov bildirib ki, yanvar ayının ilk həftəsi ilə müqayisədə əkinlərdə ciddi inkişaf müşahidə olunur.

Onun sözlərinə görə, ötən ilin payızında rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün 13 min 500 hektardan çox sahədə taxıl əkilib. Taxıl əkinlərinin 7 min 990 hektarını buğda, 5 min 521 hektarını arpa sahələri təşkil edir. Mütəxəssislər mütəmadi olaraq sahələrə baş çəkir, fermerlərə zərərvericilərə qarşı mübarizə və düzgün qulluq qaydaları ilə bağlı zəruri tövsiyələr verirlər.

Избранный
42
azertag.az

1Источники