RU

AMEA Gəncə Bölməsinin əməkdaşlarının Nizami Gəncəviyə həsr olunan məqalələri Özbəkistanda nəşr edilib

Gəncə, 23 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin əməkdaşlarının Nizami Gəncəvinin irsinə həsr olunan elmi məqalələri Özbəkistanda nəşr edilib.

Bölmədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi–Əlişir Nəvai: sələf-xələf konsepti”, Nizami Gəncəvi Mərkəzinin əməkdaşları Leyla Kərimovanın “Nizami Gəncəvinin yaradıcılığında Makedoniyalı İskəndər” və Türkan Verdiyevanın “XII əsr Gəncə ədəbi-mədəni mühitinin XX əsr Azərbaycan dramaturgiyasında əksi (Mehdi Hüseyn və Kəmalə Ağayeva yaradıcılığı əsasında)” adlı məqalələri Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin “Özbəkistan: dil və mədəniyyət” adlı nüfuzlu beynəlxalq jurnalında türk və rus dillərində dərc edilib.

Əlimuxtar Muxtarovun məqaləsində Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında sələf-xələf münasibətlərinin Şərq ədəbi-mədəni düşüncəsində tutduğu mühüm yer araşdırılır. Müəllif qeyd edir ki, XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvi “Xəmsə”si ilə yeni poetik məktəb yaratmış, insan ləyaqəti, ədalət və mənəvi kamillik ideyalarını ön plana çıxarmışdır. XV əsrdə yaşamış böyük özbək şairi Əlişir Nəvai isə bu irsi yaradıcı şəkildə davam etdirərək “Xəmsə” ənənəsini türk dilində yüksək poetik səviyyəyə yüksəltmişdir. Məqalədə vurğulanır ki, bu sələf-xələf əlaqəsi Şərq ədəbiyyatında mədəni inteqrasiyanı və ümumbəşəri dəyərlərin təşviqini təmin edən mühüm amildir.

Leyla Kərimovanın məqaləsində Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında vətənpərvərlik ideyalarının bədii təcəssümü təhlil olunur. Müəllif bildirir ki, şair Makedoniyalı İskəndəri bədii təxəyyül vasitəsilə Azərbaycan məkanına gətirməklə Vətənə olan mənəvi bağlılığını ifadə etmişdir. Məqalədə İskəndərin Bərdə hökmdarı Nüşabə ilə görüşü Şərq və Qərb mədəniyyətlərinin rəmzi qarşılaşması kimi dəyərləndirilir.

Türkan Verdiyevanın araşdırmasında XII əsr Gəncə ədəbi-mədəni mühitinin XX əsr Azərbaycan dramaturgiyasında əksi Mehdi Hüseynin “Nizami” və Kəmalə Ağayevanın “Məhsəti” dramları əsasında tədqiq edilir. Məqalədə həmin dövrün tarixi və ədəbi xüsusiyyətləri, Nizami Gəncəvi və Məhsəti Gəncəvi obrazlarının bədii təqdimatı müqayisəli şəkildə araşdırılır.

Qeyd edək ki, məqalələr AMEA Gəncə Bölməsi, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, onun nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti” və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq çərçivəsində nəşr olunub.

Избранный
23
azertag.az

1Источники