“Fərqanə xanımın qızı Mövlanə artıq 1 ildir ki, nişanlıdır. Nişanlısı onun xasiyyətini bilir. İzləyicilər onu tənqid edib, pisdir deməklə nişanlısının gözündə pis olmayacaq, ya da yaxşı deməklə yaxşı olmayacaq. O qızı bəyənən oğlan artıq bilir ki, kimi, hansı xasiyyətdə bir xanımı alır. Bu bizim balamızdır. Heç kim balasını pisləməz. Alim müəllimin nəvəsi ilə öz nəvəm arasında fərq qoyuramsa, onda mən nə Naziləyəm?! Tutaq ki, bu mənim balamdır, nəvəmdir, yaxud da mənə gələn gəlindir. Mən oğlumu onunla bir il nişanlı qoymuşamsa, mən bir il ərzində bu qızın xasiyyətini görürəm də. Narazı olsaydım geri durardım da. Kimdir məni döyüb, zorla toy etdirən?! Demək ki, oğlan evi razıdır. Bu qızı bu cür qəbul ediblər. Onu pisləməyinizin nə adı var? Bu qız yuva qurub. Əgər dilinizdən “Allah xoşbəxt etsin” demək gəlmirsə, niyə pisləyirsiniz?! Çox şeyi, toydan qabaq olan çox hadisələri danışa bilmirəm. Başı yerdən qalxmayan ilanlar var. Qız sadəcə səmimi olub. Eqosu olan bir qızdır, amma realistdir, haqqı deyir, olanı deyir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış şair Nazilə Səfərli deyib.
O daha sonra Mövlanədən müsahibə alan və onu yayan jurnalistləri günahlandırıb:
“Ondan müsahibə alan, onu o qapıya buraxan jurnalistlərədir sözüm. Alim müəllim, Fərqanə xanım sizə etimad göstərib. O ailəyə girib müsahibə alan jurnalist nə olardı anası Fərqanə xanımla bir məsləhət edərdi! Bəlkə anası deyəcəkdi ki, qızım deyib, sən efirə vermə. Niyə sizə etimad göstərilən yerdən belə reytinq tutursunuz? Gərək reytinqinizə kimisə qurban edəsiniz?! Evə jurnalist buraxırsan yaxud da müsahibəyə razılıq verirsən. Konkret siyahı göstərib deyirsən ki, bu sualları verəcəksən, bundan o yana çıxma. Jurnalist deyir ki, “səmimi alınmır, reytinq olmur”. Jurnalistlə səmimi olursan, ürəyini açırsan, gəlib sənin o boyda danışdıqlarını kəsib-doğrayır, pis bir şeyi efirə verir, onunla səni “vurur”. Mən Alim müəllimin yerinə olsaydım bundan sonra müsahibə üçün jurnalistlərə 20 min oxuyardım. Ya pulu ver, ya da məndən yazma! Mən Fərqanənin yerinə olsaydım o qızın danışığını paylaşan səhifələri sildirərdim. Deyərdim ki, məndən xəbərsiz paylaşıblar”.
Nazilə Səfərli Mövlanənin həddindən çox səmimi olduğunu bildirib:
“Səmimiyyət ömür boyu baş qaxıncı olub. Səmimidir də bu qız. Olduğu kimidir. Olduğu kimi olan adamı “vurmayın”. O zaman yaltaqlar çoxalır. Mən qızın tərəfindəyəm. Sabah mən də bir qapıya elçi gedərəm, gəlinim də açıb deyər ki, “atam-anam məni yaxşı saxlayıb, Nazilə xanım, sənin oğlun məni yaxşı saxlayacaqsa mən gəlim”. Mən də dönüb baxaram oğluma. Deyərəm ki, bu qızın ağırlığını qaldırmağa gücün çatır? Mənim bu gün bəlkə pulum var, sabah yoxdur?! Ömrünün axırına qədər belə qızla yaşaya biləcəksən? O da deyər ki, “razıyam”! Razısansa get Allah xoşbəxt etsin! Siz bu qızı niyə pisləyirsiz? Onu pisləməklə nə oldu? Camaatın nikahı dağıldı?! Qəlbini niyə qırırsız? Allah o balanı min dəfə xoşbəxt etsin. Elə qızların çox yaxşı yuvası olur. Onun belə deməyinə baxmayın. Çox yaxşı ürəyi var, danışanda da gördüm. O ağırlıq qaldıran, çətinliyə tab gətirən qızdır. Sabah onun yoldaşının belə problemi olsa heç vaxt arxa çevirməz. Qızın danışığına baxıb, başına döyüb özünü öldürənlər ki, var hamısı şəxsi həyatda gəlin üzərində hegemonluq edən, gəlini qapı süpürgəsi kimi görməkdən hələ də canını qurtara bilməyən, bu tərz insanlardır. Başa düşmürlər ki, ailə həyatı qurmaq iki nəfərə aiddir. Qaynanaya, ataya, baldıza aid deyil. Bu oğlanla bu qız yaşayacaq. Oğlan da qızı sevir, dəlicəsinə aşiqdir. Üstəgəl diri-diri 1 il nişanlı qalıb. Gör neçə bayram xonça gəlib bu qıza. Fikirləşin də! Elə açıqsözlü qıza sıradan bir bayramlıq da gəlsə deyər ki, “bilirsən nə var?!. Bəyənmirəm”, - deyə şair Nazilə Səfərli bildirib.