Kosmos həvəskarları üçün 23 yanvar cümə gecəsi nadir müşahidə edilən maraqlı bir səma hadisəsi baş verəcək. Ay, Saturn və uzaq planet Neptun səmada bir araya gələrək "üçlü qovuşma" adlanan nadir astronomik hadisə yaradacaq.
Far.Az BBC Radio Tees-ə istinadən xəbər verir ki, Ayın böyüyən hilal fazasında olduğu bu axşam üç səma cisminin düzülüşü səmada "gülən üz" formasını xatırladacaq. Hilal şəklində Ay ağız, Saturn və Neptun isə bu gülümsəmənin üzərindəki iki göz kimi görünəcək.
Bu nadir səma mənzərəsi gün batımından dərhal sonra qərb üfüqündə, nisbətən alçaq mövqedə müşahidə olunacaq.
Ay və Saturn hava qaralmağa başlayan kimi adi gözlə rahatlıqla seçilə biləcək. Lakin düzülmə sırıasının üçüncü elementi olan Neptun olduqca zəif işıqlı planet olduğundan onu görmək üçün teleskopdan istifadə zəruridir.
Səma cisimləri üfüqə yaxın yerləşəcəyindən, binaların və ağacların mane olmadığı açıq ərazilərdən müşahidə aparmaq tövsiyə olunur.
Qeyd edək ki, astronomiyada "qovuşma" iki və ya daha çox göy cisminin Yer kürəsindən baxıldıqda bir-birinə çox yaxın görünməsi hadisəsinə deyilir.
Bu axşam baş verəcək üçlü qovuşm həm astrofotoqraflar, həm də təbiət həvəskarları üçün qaçırılmamalı maraqlı bir səma hadisəsi hesab olunur.