RU

Strateji İşçi Qrupunun ikinci iclası...

Hədəf tərəfdaşlığın inkişaf etdirilməsidir

Cənubi Qafqaz regionunda formalaşan postmüharibə reallıqları Azərbaycanı yeni dövrdə beynəlxalq birliyin aparıcı aktorlarından birinə çevirib. Geostrateji ərazidə təhlükəsizlik arxitekturası yaratması, iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi töhfə Azərbaycanın aparıcı güc kimi əhəmiyyətini artırıb. Nəticə etibarı ilə rəsmi Bakının bütün platformalar üzrə etibarlı tərəfdaş statusu daha da möhkəmlənib.

Münasibətlər inkişaf edir

Ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Xoş mərama əsaslanaraq irəli sürdüyümüz təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir.

Ötən il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər də dövlətimizin nüfuzunun göstəricisidir. Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi qeyd edilməlidir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir.

Məsələ ondadır ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ABŞ üçün olduqca cəlbedicidir. Bu təşəbbüslərin əsasında əməkdaşlıq, iqtisadi inkişaf, qitələrin ticarət əlaqələrini asanlaşdırmaq və ümumilikdə dünya iqtisadiyyatının inkişafına təkan verən pozitiv layihələr dayanır. ABŞ Azərbaycanı təsadüfən özünün strateji tərəfdaşı seçməyib. Dünya siyasətində aparıcı rol oynayan Amerika geosiyasi üstünlüyü müharibə və münaqişələrlə deyil, “yumşaq güclə” əldə etməyə çalışır. Onun sərmayəsi və siyasi dəstəyi hər bir qlobal xarakterli məsələdə həlledici rola malikdir.

İlk iclasda nələr müzakirə olunmuşdu?

Münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirən bir sıra faktlara da diqqət yetirək. Nəzərə alaq ki,  avqustun 8-də Vaşinqtonda  Azərbaycan və ABŞ liderləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalanıb. Sənədə əsasən tərəflər Strateji İşçi Qrupunda 3 sahəyə diqqət yönəltmək niyyətindədir . Birincisi, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılardır. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, üçüncüsü isə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir.

Xatırladaq ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ötən ay onlayn formatda tam tərkibdə ilk iclası keçirilmişdi. İclas zamanı Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Avqustun 8-dən sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib. Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də Strateji İşçi Qrupunun növbəti iclasının tarixləri və gündəliyi barədə razılıq əldə edilmişdi.

Müzakirələr davam etdirilib

Yeri gəlmişkən, yanvarın 21-də Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclas zamanı ötən avqustda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətni üzərində müzakirələr davam etdirilib.

Bütün bunlar göstərir ki, ABŞ-ı regiona cəlb edən əsas amillər Azərbaycan Prezidentinin həyata keçirdiyi sülh, sabitlik, dostluq, iqtisadi inkişaf və sosial rifah siyasətidir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizini reallığa çevirmək istəyinin də arxasında qlobal əməkdaşlıq dayanır. Bu əməkdaşlıq dəhliz boyu yerləşən dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verəcək. Ona görə də, TRIPP layihəsi də regionun gələcəyi üçün çox faydalıdır və strateji önəm daşıyır. Bütün bunların fonunda ABŞ-ın Azərbaycana münasibəti hər iki tərəfin maraqlarına uyğundur.

Bundan əlavə, Donald Trampın Azərbaycanı Sülh Şurasının təsisçi üzvlüyünə dəvət etməsi də ölkəmizin nəinki Cənubi Qafqaz, bütün dünyada böyük nüfuza malik olmasını təsdiqləyir. Bu amillər Azərbaycan-ABŞ əlaqələrinin yüksələn xətlə inkişafının göstəriciləridir.

Nardar BAYRAMLI

Избранный
60
yeniazerbaycan.com

1Источники