RU

Ürək xəstələri həkim göstərişi olmadan hansı dərmanları istifadə bilməz? - AÇIQLAMA

"Ürək-damar dərmanlarının həkim nəzarəti olmadan qəbulu ciddi və bəzən həyati təhlükəli fəsadlara səbəb ola bilər.

Beta-blokatorlar, antiaritmik preparatlar təzyiq salan, qan duruldan(kardiomaqnil, aspirin ) xolesterin düşürən, kalium tərkibli dərmanlar(panangin) nəzarətsiz istifadə edildikdə ürək ritminin həddindən artıq yavaşlaması (bradikardiya), ürək blokları, kəskin təzyiq düşməsi, başgicəllənmə, huş itirmə, böyrək , qaraciyər zədələnməsi, qanaxma, yeni həyat üçün təhlükəli aritmiyaların yaranması ilə nəticələnə bilər. Xəstənin yaşı, cinsi, yanaşı xəstəlikləri və digər dərmanlarla qarşılıqlı təsir nəzərə alınmadan aparılan müalicə tibbi baxımdan düzgün deyil".

Kardioloq Arzuman Talıbov həkim nəzarəti olmadan qəbul edilən ürək dərmanlarının fəsadlarından Missiya.Az-a danışıb.

"Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də aspirinin hər kəs tərəfindən “profilaktik məqsədlə” təhlükəsiz şəkildə qəbul edilə bilməsidir. Halbuki müasir kardioloji yanaşmalara görə aspirin yalnız konkret göstərişlər olduqda istifadə edilməlidir",-kardioloq bildirib.

Arzuman Talıbovun sözlərinə görə, həkim göstərişi olmadan uzunmüddətli aspirin qəbulu mədə-bağırsaq qanaxmaları, mədə xorası, beyin qanaxması riskinin artması və yaşlı xəstələrdə ağır fəsadlarla nəticələnə bilər. Xüsusilə ürək-damar xəstəliyi olmayan şəxslərdə aspirinin profilaktik faydası çox zaman qanaxma riski ilə müqayisədə üstünlük təşkil etmir.

"Eyni zamanda digər ürək dərmanlarının “ehtiyat üçün” və ya “özbaşına profilaktika” məqsədilə qəbulu ürək-damar sisteminin təbii tənzimlənməsini pozar və zamanla ciddi fəsadlara səbəb ola bilər. Profilaktika fərdi risk qiymətləndirilməsinə əsaslanmalıdır və bu yalnız həkim tərəfindən aparılmalıdır. Ümumilikdə vurğulamaq istərdim ki, ürək dərmanları və aspirin vitamin deyil. Onların qəbulu yalnız düzgün diaqnoz və həkim nəzarəti əsasında həyata keçirilməlidir",- A. Talıbov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
128
missiya.az

1Источники