ABŞ-nin Virciniya ştatı mərkəzli İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyaları zamanı həyatını itirənlərin sayının 5 min 2-yə yüksəldiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 26 min 752 nəfər saxlanılıb.
Etirazlar zamanı baş verən toqquşmalarda 207 təhlükəsizlik əməkdaşı daxil olmaqla ümumilikdə 5 min 2 nəfər həyatını itirib.
Agentlik dünən yaydığı xəbərdə ölənlərin sayının 4 min 902-yə çatdığını bildirmişdi.İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi fonunda Tehranın Böyük Bazarında esnafın öncülüyü ilə başlayan etirazlar qısa müddətdə ölkə üzrə yayılıb.
Paytaxt Tehranda 8 yanvar tarixində şiddətlənən etirazlar zamanı baş verən hadisələrdən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb.
İran Şəhidlər və Qazilər Vəqfinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən dünən yayımlanan açıqlamada bildirilib ki, etirazlar zamanı baş verən hadisələr nəticəsində təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfər həyatını itirib.
Qeyd olunub ki, bu şəxslərdən 2 min 427-si “silahlı terror qrupları” tərəfindən öldürüldüyü iddia edilən təhlükəsizlik əməkdaşları və mülki vətəndaşlardır. 690 nəfər barədə isə hər hansı məlumat verilməyib.
İranda etirazların intensivliyi azalsa da, ABŞ-nin Virciniya ştatı mərkəzli HRANA daha çox faktı təsdiqlədiyini irəli sürərək ölən və saxlanılanların sayını yeniləməyə davam edir.