RU

Tehranın regional planları iflasa uğrayır: daxildə partlayış riski

Yaxın Şərqdə son dövrlər müşahidə olunan geosiyasi dəyişikliklər regionda uzun illər formalaşmış güc balansının sarsıldığını göstərir. Xüsusilə İranın təsir dairəsində hesab edilən aktorların zəifləməsi Tehranın həm regional, həm də daxili siyasətində ciddi suallar doğurur. Politoloqlar hesab edirlər ki, bu proseslər İranın daxilində yığılıb qalmış sosial və siyasi gərginliklərin daha açıq fazaya keçməsinə zəmin yaradır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə maraqlı və həyəcanlı proseslər baş verir. Onun sözlərinə görə, İranın vaxtilə nəzarətdə saxladığı və “şiə hilalı” adlandırdığı ölkələr artıq Tehranın nəzarətindən çıxmaqdadır:

“Livanda Hizbullah qruplaşması, Suriyada ‘Baas’ rejimi, İraqda ‘Haşdi-Şabi’, Yəməndə isə ‘Husi’ silahlıları sıradan çıxdıqca bu, İranın daxilində qarşıdurmalara və toqquşmalara səbəb olur. Çünki uzun müddətdir davam edən bu yanlış, təriqət əsaslı siyasət İran daxilində ciddi narazılıq və etirazlar doğururdu.

Bu yanlış siyasət İranın beynəlxalq aləmdə təcrid olunmasına, sosial-siyasi narazılığın daha da artmasına gətirib çıxarmalı idi və faktiki olaraq bu baş verdi. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ‘günahı xaricdə deyil, daxildə axtarmalıyıq, günahkar özümüzük’ fikri də məhz daxili faktorları nəzərdə tuturdu.

İranda son illərdə davam edən nümayişlər və etirazlar, bir çox hallarda ciddi iğtişaşlara çevrilən hadisələr bir gündə başlamadığı kimi, bir gündə də bitə bilməz. Bu proseslər göstərdi ki, ölkənin hərbi-dini elitası ilə siyasi iqtidar arasında barışmaz ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər hər keçən gün daha da dərinləşir.

Məhz buna görə də İran səhnəsində baş verən hadisələrin yaxın dövrdə yenidən şiddətlənəcəyi ehtimalı yüksəkdir. İran dünyaya açılmaq, yeni dünya düzənində qədim mədəniyyəti ilə layiq olduğu yeri tutmaq istəyir. Düşünürəm ki, bunun qarşısını orta əsr təfəkkürü ilə almaq mümkün olmayacaq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
27
editor.az

1Источники