Bu gün bp şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş bir sosial təşəbbüsün uğurla başa çatdığını elan edib.
Layihədə əsas məqsəd ölkə üzrə 40000-dən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaq idi.
Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.
Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.
Kitabların təqdimatı münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyuruq. İnklüzivlik və bərabər imkanlar sosial investisiya strategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbət dəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir.”
“Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür”, Bəxtiyar Aslanbəyli əlavə etdi.
Layihənin ümumi dəyəri 133000 manat (78235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir.
Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşr olunub.
Layihə “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən həyata keçirilib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2389 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.









