RU

“Kicker”: “Qarabağ” dirçəlməyə çalışan “Ayntraxt”ı yenidən diz çökdürdü” - “Bild”in jurnalistləri də “qartallar”ı tənqid etdi

“Qarabağ”ın “Ayntraxt” üzərində qazandığı qələbə almaniyalı həmkarlarımızı özündən çıxarıb desək, yanılmarıq. Çünki onlar hələ də komandanı uduzduğuna görə tənqid edir.

"Football-plus.az" xəbər verir ki, bu barədə bir çox saytda təhlillər yazılıb, oyundan reportajlar hazırlanıb və “Qarabağ”ın inamlı qələbəsi ön plana çəkilib. Odu ki, Almaniyanın ən məşhur nəşrlərindən olan “Kicker” və “Bild”də yer alan yazılara nəzər salmaqda fayda var.

Sizi əvvəlcə “Kicker”in Bakıda ezamiyyətdə olan əməkdaşı Yulian Franzkenin yazısıyla tanış edirik:
“Qarabağ” “Ayntraxt”ın hələ də aciz vəziyyətdə olduğunu sübuta yetirdi. Görünür, komandaya yeni təyin olunan məşqçilər qısa müddətdə böyük ölçüdə dəyişiklik edə bilmədi. “Qartallar” Bakıda üç qol buraxdı. Düzdü, komanda iki qol vurmağa nail oldu. Amma Ağdam təmsilçisi imkan vermədi ki, rəqibi qollara görə sevinc yaşasın. Ümumiyyətlə, “Qarabağ” dirçəlməyə çalışan “Ayntraxt”ı yenidən diz çökdürdü. Bundan sonra komandanın hansısa qələbə qazanması zəif ehtimaldı. Çempionlar Liqasıyla bağlı xəyallar isə yerlə-yeksan oldu. İndi “qartallar”ın ilk “24-lüy”ə düşmək ehtimalı yoxdu. Halbuki Şimitt tez zamanda həll yolu tapmalıydı. İndi isə “Tottenhem”ə qarşı matçın heç bir əhəmiyyəti yoxdu. “Qarabağ” artıq 4-cü dəqiqədə önə keçdi. Daha pis başlanğıc ola bilməzdi. “Ayntraxt”ın 10-cu dəqiqədə vurduğu qol isə işə yaramadı. Frankfurt təmsilçisi xüsusən mərkəzdə boşluqlar verdi. Ikinci hissədə penaltidən vurulan qol qələbəyə doğru böyük bir addım kimi görünsə də, ağdamlıların qüsursuz oyunu rəqibə irəliləmək üçün şərait yaratmadı. Daha iki qol vuran “Qarabağ” “Ayntraxt”ı Çempionlar Liqasında acınacaqlı vəziyyətə saldı. Komanda həddən artıq müdafiə olundu və aciz göründü. Tutarsız hücumlar isə işə yaraya bilməzdi. Çünki “Qarabağ” hücumda fəal olduğu qədər müdafiə xəttində də səhvsiz oynamağa çalışırdı. Ən acınacaqlısı odu ki, meydanda bütün məsuliyyəti üzərinə götürəcək, rəqibi çəkindirməyə çalışacaq futbolçu yox idi. “Qarabağ”ın “Ayntraxt”a yazığı gəlmədi. İndi klubda çalışanların da özünə yazığı gəlməməli, vəziyyəti düzəltmək üçün fasiləsiz çalışmalıdılar. Bununla belə, “Qarabağ”ın vəziyyəti daha yaxşı görünür. Ağdamlıların pley-off mərhələsinə vəsiqə qazanmaq şansı çox yüksəkdi”.
“Bild”in yazarı Ulrika Sikenberqer isə matçı belə şərh edib:
“Bakıda keçirilən oyun “Ayntraxt” üçün son şans idi. Onlar bunu boşa verdi. “Qarabağ” mühüm qələbə qazanaraq “qartallar”ı mübarizədən kənarlaşdırdı. Görünür, Çempionlar Liqası “Ayntraxt” üçün çox ağırdı. Hətta rəqib Azərbaycan çempionu olsa belə. 2:3... Vəssalam!”
“Bild”in reportyorlarından Yohannes Volf da sözügedən oyun barədə danışıb:
“Qarabağ” “Ayntraxt”ı məğlub etməklə göstərdi ki, rəqib Çempionlar Liqasının ən pis komandasıdı. Həqiqətən də “qartallar” xaosla mübarizə aparır və hər şey pisə doğru gedir. Son oyunların statistikasına baxın. Şok rəqəmləri görəndə dəli olacaqsız. “Qarabağ”la matçdan başlayın. Deyərdim ki, “Ayntraxt” müdafiə olunmağı unudub”.
KƏNAN BAHADIR
Избранный
60
football-plus.az

1Источники