Diyetoloq Tim Spektor qəhvənin qan təzyiqinə təsiri ilə bağlı uzun illərdir mövcud olan məşhur mifi təkzib edib.
E-saglam.az-ın məlumatına görə, o, "The Telegraph" qəzetinə verdiyi müsahibədə qəhvənin zərərli deyil, əksinə faydalı təsirlərə malik olduğunu bildirib.
Spektor qeyd edib ki, tibb təhsili aldığı dövrdə tələbələrə qəhvənin son dərəcə zərərli olduğu öyrədildiyi üçün uzun müddət bu içkidən uzaq durub. “Əvvəllər qəhvənin qan təzyiqini artırdığı düşünülürdü. Amma indi bilirik ki, əksinə, müntəzəm istifadə edildikdə onu aşağı sala bilər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, qəhvə bağırsaq funksiyasını yaxşılaşdırır, diqqəti artırır, əhval-ruhiyyəni yüksəldir və enerji səviyyəsinə müsbət təsir göstərir.
Bundan əlavə, qəhvənin tərkibində olan polifenollar orqanizmdə iltihabı azaltmağa kömək edir və hüceyrələri oksidləşdirici stressdən qoruyur. Bu maddələr ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Mütəxəssis vurğulayıb ki, hər şeydə olduğu kimi qəhvədə də əsas məsələ ölçünü bilməkdir. Normada içildikdə qəhvə sağlam həyat tərzinin bir hissəsi ola bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az