RU

Valideyn övlad(lar)ından aliment ala bilər? – Qanun deyir ki…

Valideyn və övlad münasibətləri hər zaman hüquq və mənəviyyat arasında incə tarazlığı tələb edən bir sahə olub. Azərbaycanda da bəzən ailə daxili məsuliyyətlər və maliyyə öhdəlikləri barədə mürəkkəb situasiyalar ortaya çıxır. Son zamanlar ictimai müzakirələrdə diqqət çəkən mövzulardan biri də valideynlərin övladlarından aliment tələb etmək hüququ ilə bağlıdır.

Xüsusilə ata ilə ana boşanmayıbsa, amma əlaqə uzun illərdir yoxdursa, övladların böyüməsində və təhsilində valideynin heç bir maddi qatqısı olmayıbsa, hüquqi baxımdan hansı ssenarilər mümkün ola bilər?

Bu sual təkcə hüquqşünasların deyil, hər bir ailənin maraq dairəsindədir, çünki övlad-ata münasibətləri, maddi öhdəliklər və ailə məsuliyyəti yalnız qanuni çərçivədə deyil, həm də etik baxımdan ciddi nəticələr doğurur. Övladın hüquqları, valideynin ehtiyacları və əslində hansı hallarda aliment tələb edə biləcəyi məhkəmə praktikasında maraqlı və nümunəvi situasiyalar yaradır.

Azərbaycan qanunvericiliyinə görə, valideyn övladdan aliment tələb edə bilər, lakin bunun üçün müəyyən hüquqi şərtlər mövcuddur. Qanunvericilikdə valideynin övladından aliment tələb etmək hüququ tanınsa da, bu hüquq yalnız valideynin maddi durumunun ciddi ehtiyac və övladın yetkinlik yaşına çatmış olması ilə bağlıdır. Əsasən vətəndaşlıq, sağlamlıq və iş qabiliyyəti kimi meyarlar da nəzərə alınır.

Məsələ ilə bağlı hüquqşünas Elçin Quliyev NOCOMMENT.az-a bildirib ki, valideyn övladdan aliment tələb edə bilər, amma bunun üçün məhkəmə qarşısında əsaslandırılmış iddia qaldırmalı, maddi ehtiyacını sübut etməlidir:

“Əgər valideyn sağlamdır, işləmək qabiliyyəti varsa və həyatını təmin edə bilirsə, məhkəmə iddianı təmin etməyə bilər. Eyni zamanda, övladın valideynə maddi dəstək göstərmək məcburiyyəti yalnız qanunla müəyyən edilmiş hallarda, yəni valideynin ciddi ehtiyacı olduqda yaranır”.

Hüquqşünas qeyd edib ki, faktiki olaraq vəziyyətinizi hüquqi baxımdan belə qiymətləndirmək olar:

“Atanın övladların həyatında heç bir rolu olmayıb, onların böyüməsində və təhsilində heç bir maddi qatqısı olmayıb. Bu halda, övladlar üçün onun hər hansı hüquqi tələb irəli sürməsi məhkəmədə ciddi şəkildə nəzərə alınacaq. Əgər ata sağlamdır, işləmək imkanına malikdirsə və maliyyə təminatı üçün real ehtiyacı yoxdursa, onun aliment tələb etməsi hüquqi baxımdan məqbul hesab olunmayacaq”.

Elçin Quliyev vurğulayıb ki, qanunvericilik burada balans prinsipinə əsaslanır:

“Yəni övladın hüquqları və valideynin ehtiyacları nəzərə alınır, lakin övladın əsassız maddi yükə məruz qalması və ata-övlad münasibətlərində mənfi təsirin yaranması istisna edilir. Buna görə də bu vəziyyətdə atanın iddia qaldırması faktiki olaraq hüquqi və praktiki baxımdan çox güman ki, uğursuz olacaq, xüsusilə də onun sağlam və işləmək imkanına malik olması nəzərə alınarsa”.

Избранный
23
nocomment.az

1Источники