Bu gün saat 19:00-dan etibarən gözəl “Palms Sports Arena”ya dikiləcək.
Bir aylıq qış fasiləsinin ardınca 17-ci tura start veriləcək ki, “Neftçi” öz meydanında “Zirə”ni qəbul edəcək.
Komandaların arasındakı prinsipiallıqdan uzun-uzadı bəhs etmək yersiz sayılar. Təkcə cari mövsümdəki oyunlara və nəticələrə baxanda, ümumi vəziyyəti anlamaq olur.
7-ci turda, “ağ-qaralar”a Samir Abasovun başçılıq etdiyi dönəmdə baş tutan qarşılaşma ciddi səs-küyə səbəb olmuşdu. “Zirə” hesabı açmış, “Neftçi” 2 qol vurub hesabda önə keçmiş, Kamal Umudlu şübhəli penalti qərarı ilə meydan sahiblərinin hesabı bərabərləşdirməsinə şərait yaratmışdı.
Ölkə kubokunun 1/8 final mərhələsinda növbəti dəfə “Zirə” – “Neftçi” duelini izləmək imkanımız olmuşdu. Cütün taleyi bir oyundan ibarət idi ki, qarşılaşma yenə Zirədə keçirilirdi.
Əsas vaxt qolsuz bərabərliklə başa çatmış, əlavə olunan 30 dəqiqənin başa çatmasında 4 dəqiqə qalmış Junior Martins vurduğu qolla zirəliləri növbəti mərhələyə daşımışdı
Yeri gəlmişkən, kubok görüşündə bakılıları meydana Sənan Qurbanov çıxarmışdı. Bu, o deməkdir ki, “Neftçi” bu gün “Zirə”nin önünə cari mövsümdə üçüncü fərqli məşqçi ilə çıxacaq. Eyni zamanda, “qartallar” cari “futbol ili”ndə ilk dəfə “Palms Sports Arena”ya ayaq basacaq.
İllərin təcrübəsi Yuri Vernidubla istedadlı Rəşad Sadıqovun taktika savaşının qarşılaşmaya əlavə rəng qatacağı şübhə doğurmur.
“Neftçi” azarkeşləri bu oyunu səbrsizliklə gözləyir. Qış toplanışını Əbu-Dabidə keçən “ağ-qaralar”ın yoxlama görüşlərində 2 qələbə qazanıb, 1 heç-heçəyə imza atması fanatları ruhlandırıb.
Lakin sınaq matçları ilə rəsmi qarşılaşmalar eyni ağırlıqda olmadığı üçün “Neftçi”nin vacib dueldə necə təsir bağışlayacağı sual doğurur. Həlledici mərhələyə qədəm qoyan paytaxt təmsilçisi üçün “Zirə” üzərində qələbə hava-su qədər vacibdir. Bunu bacarsalar, uğurun davamını gətirmək mümkün olacaq. Əks halda növbəti mövsümün planlarını cızmaq barədə düşünmək lazım gələcək.
Yeri gəlmişkən, “Neftçi”dən fərqli olaraq “Zirə” Antalyada keçirdiyi yoxlama matçlarının heç birində qələbə qazana bilməyib. İki dəfə məğlub olan qəsəbə təmsilçisi bir halda bərabərə qalıb.
Göründüyü kimi, komandaların düşərgəsindəki əhval-ruhiyyə və nəticələr arasında müəyyən fərqlər mövcuddur. Bunun xoş görüntü, yoxsa baş aldatmaq olduğunu axşamkı 90 dəqiqənin tamamı göstərəcək.
HƏBİB / SPORTİNFO.AZ