RU

“Dövlət mənzilləri bir-bir yoxlasın!...” – Evlərdə dolaşan “ölüm kabusu”

Bir neçə gün öncə Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Onlara tibbi yardım göstərilib, birinin vəziyyəti ağır qiymətləndirilir. Bakının Binəqədi rayonunda isə 10 yaşlı uşaq dəm qazından boğulub. Hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Dəm qazından digər ölüm hadisəsi paytaxtın Xəzər rayonunda qeydə alınıb. Buzovna sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Beləcə, hər il, xüsusən də qış mövsümü zamanı dəm qazı onlarla insanın həyatına son qoyur və problemin həlli ilə bağlı nəticə dəyişmir. Mətbuat isə bu mövzunu hər dəfə işıqlandırsa da, mahiyyətcə müsbət irəliləyiş müşahidə olunmur.

O zaman dövlət nə etməlidir? Bir-bir mənzillərdə dəm qazı yaradan qızdırıcılar yoxlanılmalıdır, yoxsa onların satışı ləğv olunmalıdır? Ailələr müvafiq otaqlarda niyə qaz dedektorları quraşdırmır? Axı bu elə bahalı qurğu deyil...

Ekologiya.az-ın xəbərinə görə, kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda detektorun quraşdırılması məcburi deyil.

Bu, çox böyük boşluqdur. Onun sözlərinə görə, dünyanın əksər inkişaf etmiş ölkələrində qaz detektoru məcburi şəkildə quraşdırılır və rəsmi qurumlar tərəfindən nəzarət edilir:

“Cihazın sensorları metan, etan, propan kimi yanar qazların buxarlarını hiss etdikdə səs siqnalı verir. Zirzəmilər və yeraltı iş sahələri isə xüsusilə risklidir. Çünki küçələrin altında minlərlə kilometr qaz kəmərləri var və bu kəmərlərin istismar müddəti çox vaxt 30 ili keçir. 40-50 il nəzarətsiz qalmış kəmərlərdə sızma ehtimalı olduqca yüksəkdir. Yerin tərpənməsi və ya torpaq çökməsi də sızmanı artıran amildir. Bu səbəbdən zirzəmilərdə qazın olub-olmadığını yoxlayan detektorlar mütləq quraşdırılmalıdır. Onlar 30 manat civarındadır, bahalı deyil”.

N. Qasımov bildirir ki, “Azəriqaz” evində qaz detektoru olmayan abonentlərin evinə qazın verilişini dayandırmalıdır:

Fövqəladə Hallar Nazirliyi də bu işdə “Azəriqaz”a yardımçı olmalıdır. “Azəriqaz”ın minlərlə işçisi var, onlar da bu işdə fəal iştirak edib evləri nəzarətdə saxlaya bilərlər. Mən sovet dönəmində nəzarətçi işləmişəm. Gün ərzində 60 mənzili yoxlayırdım. İndi isə mənzilləri heç 60 ildən bir də yoxlamırlar. Tüstü bacalarının təmizlənməsini abonentlərinin məsuliyyətinə buraxırlar. Halbuki, bu işləri görmək üçün mütəxəssis lazımdır. Ümumiyyətlə, bu sahədə təmir işlərini aparan mütəxəssislər bizdə azdır. Onlar 5 ildən bir imtahan verməlidirlər. Çünki standartlar hər il dəyişir”.

Fövqəladə Hallar Nazirliyi də (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar mütəmadi əhaliyə müraciət edir. Bildirilir ki, istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Избранный
3
ekologiya.az

1Источники