Bütün dünyada idman turizmi sektorun ən sürətlə böyüyən istiqamətlərindən biri sayılır. Artıq aparıcı turizm bazarları idmanı təkcə yarış və şou kimi deyil, həm də böyük turizm gəlirləri gətirən, mövsümi asılılığı azaldan, regionları canlandıran məhsul kimi görür.
Azərbaycan da son illər bu trenddən kənarda qalmır. Ölkəmizin beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi, bunun üçün lazımi idman infrastrukturuna, eyni zamanda müxtəlif regionlarda aktiv istirahət imkanlarına malik olması idman turizmini "əlavə imkan"dan "əsas imkan"a çevirə biləcək potensial yaradır. Yəni, əsas məsələ idman tədbiri keçirmək deyil, həmin tədbiri turizm məhsuluna çevirmək, ölkəyə gələn turistlərin xərcləmələrini artırmaq, regionlara axını gücləndirmək, bu axını ilboyu balanslaşdırmaqdır.
"Report" ölkədə idman turizminin mövcud potensialını və inkişaf perspektivlərini araşdırıb.
Azarkeşlər ölkəyə turist qismində gəlir
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov deyir ki, Azərbaycan uzun illərdir ki, iri miqyaslı idman tədbirlərinə ev sahibliyi edir və bu, ölkənin turizm destinasiyası kimi tanıdılmasına birbaşa təsir göstərir. Onun sözlərinə görə, bu tədbirlər arasında müxtəlif futbol oyunları, "Formula-1" və regional idman yarışları xüsusi yer tutur: "Belə yarışların auditoriyası adətən geniş olur. Müxtəlif ölkələrdən azarkeşlər turist qismində gəlir. Ümumiyyətlə, yarışları həm canlı, həm də televiziyadan və internetdən izləyənlər ölkə haqqında məlumatlar əldə edirlər".
İdman turizmi ildə orta hesabla 16 % böyüyür
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi də bildirir ki, Azərbaycan idman turizmi sahəsində böyük potensiala malikdir. O, qlobal tendensiyaya diqqət çəkərək qeyd edir ki, idman turizmi dünyada artıq ciddi biznesdir və bazar sürətlə böyüyür: "2023-cü ildə qlobal idman turizmi bazarının dəyəri 544 milyard ABŞ dolları olub, 2032-ci ilə qədər isə 2 trilyon dolları ötəcəyi proqnozlaşdırılır. Orta illik artım tempi 16 %-dən çoxdur. Bu dinamika göstərir ki, turist getdikcə daha aktiv, sağlam və təcrübə yönümlü istirahət axtarır".
Rəsmi statistikaya görə də, Azərbaycanda idman turizmi bazarı getdikcə böyüyür. 2025-ci ilin yanvar–noyabr aylarında xarici turistlərin ölkədə ümumi xərcləri 3 milyard 14 milyon 660 min manat təşkil edib. Bu məbləğin 22 milyon 660 min manatı idman və əyləncə xidmətlərinin payına düşüb. Ümumi xərclər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % azalsa da, məhz idman və əyləncə istiqamətində xərclər 44,1 % artıb.
S.Dübəndinin fikrincə, Azərbaycanın üstünlüklərindən biri mövcud bazadır: "Ölkə üzrə 46 Olimpiya İdman Kompleksi, regional idman mərkəzləri, hovuzlar, stadionlar və açıq idman meydançaları aktiv turizmin müxtəlif formatlarına uyğun "start platforması" yaradır". Bu infrastruktur təkcə peşəkar idman üçün deyil, həm də təlim düşərgələri, regional turnirlər və aktiv istirahət proqramları üçün real üstünlükdür.
İki model, bir məqsəd
S.Dübəndi idman turizmini iki əsas istiqamət üzrə qruplaşdırır: "Birinci istiqamət iştirakçı idman turizmidir. Bu modeldə turistlər xizək sürmə, dağ yürüşləri, veloturizm, su və hava idmanları, dalğıclıq, oxatma, fitness və velnes düşərgələri kimi fəaliyyətlərdə birbaşa iştirak edirlər. İkinci istiqamət isə tamaşaçı idman turizmidir. Bu halda turistlər "Formula 1", döyüş idmanları gecələri və beynəlxalq turnirlər kimi yarışları izləmək üçün səyahət edirlər".
Ekspert hesab edir ki, dayanıqlı inkişaf üçün bu iki model bir-birindən ayrı yox, bir zəncirin halqaları kimi qurulmalıdır: "Davamlı inkişaf üçün əsas məsələ bu iki modeli birləşdirməkdir: tədbirə gələn tamaşaçını eyni səfər çərçivəsində aktiv istirahət və region turları ilə "iştirakçı turistə" çevirmək. Bu yanaşma praktik baxımdan belə işləyə bilər: böyük yarış üçün gələn turist Bakı ilə kifayətlənməsin, eyni paketdə region marşrutları, qış/yay aktivliyi, mətbəx, mədəniyyət və təbiət turizmi də təklif olunsun. Beləliklə, xərcləmə artır, qalma müddəti uzanır, regionlar qazanır".
S.Dübəndi vurğulayıb ki, idman turizminin cazibəsi çox vaxt stadionlardan kənarda başlayır: "Açıq səma altında aktiv turizm növləri – dağ yürüşləri, veloturizm, trail-run yarışları, su və hava idmanları – bu sahənin əsas hərəkətverici qüvvəsinə çevrilir. Xəzər sahillərində yelkənçilik, SUP, kayak, kitesurf, dalğıclıq və snorkellinq, regionlarda raftinq və idman balıqçılığı, dağlıq ərazilərdə isə paraplan, zipline, oxatma və atçılıq kimi fəaliyyətlər turizm və idmanın uğurlu birləşməsinin nümunəsidir.
Kiçik aviasiya
Ekspertin diqqət çəkdiyi ayrıca istiqamətlərdən biri də kiçik aviasiyadır. S.Dübəndinin fikrincə, yüngül təyyarələr, hava şarları, mənzərə uçuşları və aeroklub formatları bir tərəfdən regionlara çıxışı sürətləndirir, digər tərəfdən uçuşun özünü turizm məhsuluna çevirir.
Onun sözlərinə görə, təhlükəsizlik, sertifikatlaşma və sığorta mexanizmləri düzgün qurularsa, kiçik aviasiya idman və aktiv turizmin coğrafiyasını daha da genişləndirə bilər.
Problemlər
S.Dübəndi eyni zamanda idman turizmi istiqamətində mövcud boşluqlara da toxunur: "Aktiv və idman yönümlü fəaliyyətlərin bir qismində hələ tam sistemləşmə yoxdur: standartlar, təhlükəsizlik protokolları, sertifikatlı bələdçi və təlimçi sistemi, beynəlxalq satış kanalları hər yerdə eyni səviyyədə deyil. Bəzi tədbirlər qısa müddətli "pik effekt" yaratsa da, davamlı turist axını üçün paket məhsullar və regionlara yönləndirmə mexanizmlərinin gücləndirilməsi vacibdir".
Hər iki ekspertin fikirlərində ortaq xətt aydın görünür: idman turizmi Azərbaycanda artıq "təsadüfi fəaliyyətlər" toplusu olmamalıdır. İri tədbirlər ölkəni tanıdır, infrastruktur bazası imkan yaradır, amma nəticənin dayanıqlı olması üçün bu potensial planlı məhsula çevrilməlidir.
Beləliklə, idman turizmi Azərbaycan üçün təkcə əlavə gəlir mənbəyi deyil, həm də regionların turizm məhsulunu zənginləşdirən, mövsümi dalğalanmaları yumşaldan, ölkənin brend dəyərini artıran strateji istiqamətdir. Mövcud infrastruktur və tədbir təcrübəsi artıq başlanğıc üstünlük verir. Növbəti mərhələ isə bu üstünlüyü standartlaşdırılmış, təhlükəsiz, rəqabətqabiliyyətli və satıla bilən paket məhsula çevirməkdir.