RU

Zaur İmrani: Coğrafiya İnstitutunun əsas məqsədi elmi nəticələrin praktiki tətbiqinin təmin edilməsidir

Bakı, 23 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı və Baş nazir Əli Əsədovun 2025-ci il 7 oktyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması” ilə bağlı akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi nəticəsində yeni elmi müəssisə Coğrafiya İnstitutu publik hüquqi şəxsi yaradılıb.

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru Zaur İmrani AZƏRTAC-a açıqlamasında yeni yaradılmış elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, elmi tədqiqatların prioritet sahələri və birləşmə nəticəsində əldə olunacaq institusional üstünlüklər barədə danışıb.

O qeyd edib ki, hazırkı mərhələdə yeni struktur və ştat cədvəli hazırlanıb, institutun inkişaf strategiyasına uyğun olaraq, zəruri hal kimi bir neçə istiqamət yaradılıb: “Əsas yeniliklərdən biri kimi Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunu, Layihələr və qrantlar sektorunu, Data və analitika ofisini misal göstərə bilərik. Yeni yaradılan istiqamətlər institutun elmi potensialının gücləndirilməsində, yeni layihələrin və qrantların cəlb olunmasında, məlumatların və xəritələrin bir bazada toplanmasında yardımçı rolunu oynayır. Belə ki, bu istiqamətlərin əsas üstünlükləri mütəmadi olaraq strateji inkişaf hədəflərinə nail olmaq üçün monitorinqlərin aparılması və qiymətləndirmə meyarlarının seçilməsi, alimlərin layihə və qrantlarda iştiraklarının təmin olunması, arxiv və elmi tədqiqatlar zamanı əldə olunan yeni məlumatların sistemləşdirilərək analizlərinin aparılmasıdır”.

Zaur İmrani bildirib ki, Coğrafiya İnstitutunun əsas hədəfləri elmi potensialı iqtisadi səmərə potensialına çevirmək, bərpaolunan enerji mənbələrindən istifadə, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış və digər istiqamətlər üzrə aparılan tədqiqatlara innovativ yanaşma və nəticələrin praktiki tətbiqinin təmin edilməsidir.

Избранный
59
azertag.az

1Источники