“Əmək fəaliyyətinə start verilməsi ilə əlilliyə görə alınan müavinət kəsilmir. “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə görə müavinət əlillik müddətinə təyin olunur və yalnız konkret hallarda dayandırıla bilər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə səsləndirib.
Hüquqşünas qeyd edib ki, əlilliyə görə müavinət şəxsin əmək pensiyası hüququna sahib olması, vəfat etməsi, əlilliyin etibarsız hesab olunması və ya əlillik müddətinin başa çatması hallarında dayandırılır. Bu səbəbdən, əmək fəaliyyətinə başlamaq müavinətin kəsilməsi üçün hüquqi əsas hesab edilmir.
“Şəxs əmək fəaliyyəti ilə məşğul olsa belə, onun əlilliyə görə aldığı müavinət ləğv olunmur”, – deyə Turan Abdullazadə vurğulayıb.
Hüquqşünas qeyd edib ki, yaşa görə təyin olunan sosial müavinət fərqli qaydada tənzimlənir. Belə ki, şəxs əmək fəaliyyətinə başladığı halda yaşa görə müavinətin ödənişi dayandırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
