RU

Prezidentin Davos görüşləri Azərbaycanın qlobal strateji mövqeyinin təsdiqi oldu ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun builki toplantısı bir daha sübut etdi ki, qlobal siyasət və iqtisadiyyat yalnız böyük güclərin rəqabət meydanı deyil, eyni zamanda, regional aktorların taleyüklü söz demək imkanına malik olduğu platformadır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin Davos–2026 Zirvəsində iştirakı ölkənin artan beynəlxalq çəkisini və strateji əhəmiyyətini növbəti dəfə nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Davosdakı çıxış və görüşləri Azərbaycanın artıq təkcə enerji ixracatçısı deyil, Avrasiya məkanında nəqliyyat, təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından əsas qovşaqlardan biri olduğunu göstərdi. Forum çərçivəsində Prezidentin vurğuladığı əsas tezislərdən biri Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı körpü rolunun daha da möhkəmlənməsidir. Xüsusilə Orta Dəhliz, Zəngəzur nəqliyyat perspektivi və Cənubi Qafqazın logistika xəritəsində Azərbaycanın mərkəzi mövqeyi Davos auditoriyasına real faktlar və rəqəmlərlə təqdim olundu. Bu yanaşma Azərbaycanın regional deyil, qlobal tədarük zəncirlərinin ayrılmaz hissəsi olduğunu təsdiqlədi.

“Davos platformasında Prezident İlham Əliyevin verdiyi ən mühüm mesajlardan biri də Cənubi Qafqazda yeni reallıqlar və sülh gündəliyi ilə bağlı idi. O, Azərbaycanın uzun illər davam edən münaqişəni hərbi-siyasi mərhələdə həll etdiyini, indi isə regionda dayanıqlı sülh və əməkdaşlıq üçün konkret addımlar atıldığını bəyan etdi. Bu mesaj beynəlxalq auditoriyaya açıq şəkildə çatdırıldı: Azərbaycan revanşist ritorikaya deyil, iqtisadi inteqrasiya və regional sabitliyə əsaslanan gələcək qurmaq niyyətindədir”, - deyə politoloq bildirib.

Ə.İbrahimli əlavə edib ki, builki forumda enerji məsələləri yenə də əsas müzakirə mövzularından biri idi. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xatırladaraq, ölkənin etibarlı tərəfdaş imicini ön plana çıxardı. Prezident İlham Əliyev neft və qazla yanaşı, yaşıl enerji layihələri, bərpaolunan mənbələr və Azərbaycanın Xəzər regionunda bu sahədə formalaşan yeni imkanları xüsusi vurğuladı. Bu, Azərbaycanın klassik enerji ixracatçısı obrazından çıxaraq, enerji transformasiyasına uyğunlaşan dövlət kimi təqdim olunmasının bariz nümunəsi idi.

“Forum çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər də Prezident İlham Əliyevin Davosdakı fəaliyyətinin mühüm hissəsini təşkil etdi. Qlobal maliyyə institutları və iri investisiya şirkətləri ilə aparılan danışıqlar Azərbaycanın investisiya mühiti, hüquqi sabitliyi və uzunmüddətli strateji baxışı haqqında aydın mesaj verdi. Bu görüşlər göstərdi ki, Azərbaycan artıq riskli bazar kimi deyil, hesablanmış, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi qəbul olunur”, - deyən politoloq fikirlərini yekunlaşdırıb.

Избранный
26
2
azertag.az

3Источники