RU

Quruluşçu rəssam: Bizim tamaşamızda “Karmen” qadın obrazında taledir

Bakı, 23 yanvar, Günel Alıyeva, AZƏRTAC

“Karmen. Xosenin hekayəsi” tamaşasının baş qəhramanına çevrilən Karmen obrazını quruluşçu rejissor Tural Mustafayev təklif edib və yaradıcı heyətin ümumi müzakirəsinə çıxarılıb. Səhnə həlli minimalist üslubda qurulub ki, bu da məkanın funksionallığını qorumaqla yanaşı, korrida və arena atmosferini ötürməyə imkan verir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Karmen. Xosenin hekayəsi” tamaşasının quruluşçu rəssamı Mustafa Mustafayev söyləyib.

“Dekorasiyanın əsas konsepsiyası birbaşa korrida ilə, yəni xüsusi arena, onun ritmi və qaçılmaz dairəvi hərəkət hissi ilə bağlıdır. Biz çalışdıq ki, ideya məhz səhnədə işləsin. Finalda korrida yaranır və sözün əsl mənasında öküz peyda olur, toreador səhnəyə çıxır və bütün hekayə arena dairəsinin içində cərəyan edən böyük sevgi tarixçəsi kimi oxunur”, – deyə rəssam qeyd edib.

Onun sözlərinə görə, tamaşada Karmen adi bir qadın obrazı və ya ənənəvi mənada xarakter deyil.

“O, daha çox qadın simasında təcəssüm edən taledir. Onun zahirən qüsursuz və ya xüsusi vurğulanmış gözəl olması vacib deyil, əsas olan onun sehrli, simvolik və məna yükü daşıyan bir obraz olmasıdır. Bu, taleyi təmsil edən qadındır, seçim situasiyaları yaradan fatal bir qüvvədir. O, baş verənlərdə nə günahkardır, nə də qüsurlu. O, sadəcə insana seçim imkanı verir. Bundan sonra isə kişi seçiminin onu hara aparacağını özü müəyyən edir. Onun mahiyyəti də məhz bunda təzahür edir, yəni, hadisələrin gedişatını başladan və insanı sonda kim olacağını müəyyən etməyə məcbur edən taleyin daşıyıcısıdır”, – deyə M.Mustafayev fikrini yekunlaşdırıb.

Избранный
66
azertag.az

1Источники