QHT vurğulayıb ki, bu cür qərarları çıxaran və ya gələcəkdə çıxaracaq hakimlər üçün heç vaxt bəraət ola bilməz. Təşkilatın fikrincə, "qanun belədir" arqumenti qəbulolunan deyil, çünki Gürcüstanın tərəfdar çıxdığı çoxsaylı beynəlxalq konvensiyalar və Konstitusiya pozulur.
Qeyd olunub ki, səki üzərində etiraz aksiyası keçirməyə görə ilk dəfə 15 sutkayadək inzibati həbs, təkrar hal üçün isə 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutan qanun dəyişiklikləri "Gürcü Arzusu"nun qeyri-legitim parlamenti tərəfindən 10 dekabr 2025-ci ildə qəbul edilib. Maraqlıdır ki, bu dəyişikliklər faktiki olaraq əsas insan hüquqlarından biri olan toplaşmaq azadlığını ləğv edir və Beynəlxalq İnsan Hüquqları Günündə qəbul olunub.
"Beynəlxalq Şəffaflıq - Gürcüstan" bildirib ki, hüquqları, o cümlədən ifadə və toplaşmaq azadlığı qanunsuz şəkildə pozulan şəxsləri həm ölkə daxilində, həm də beynəlxalq məhkəmələrdə müdafiə edəcək. Zərərçəkənlərin istəyi ilə işlər Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunacaq.