RU

“Bakıda mənzil almaq getdikcə əlçatmaz olur, insanlar kirayəyə yönəlir” Palata

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda, xüsusilə paytaxt Bakıda mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, əhalinin böyük hissəsi üçün getdikcə əlçatmaz olan sosial-iqtisadi hədəfdir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov bildirib.

Onun sözlərinə görə, son illər müşahidə olunan davamlı bahalaşma fonunda vətəndaşların real gəlirləri ilə daşınmaz əmlak qiymətləri arasındakı fərq daha da dərinləşib və bu, mənzil əlçatanlığını minimum səviyyəyə endirib: "Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən sonra formalaşan bahalaşma dalğası hələ də tam səngiməyib və "divarlar və maaşlar" arasındakı disbalans alıcıları kütləvi şəkildə icarə bazarına yönəldir".

N.Həsənov əlavə edib ki, 2020–2025-ci illər Azərbaycan əmlak bazarı tarixində kəskin qiymət artımı dövrü kimi yadda qalacaq: "Bu beş il ərzində mənzil qiymətləri ümumilikdə 45–47 % artıb. Təkcə 2025-ci ildə qeydə alınan 14–16 %-lik bahalaşma isə əvvəlki illərlə müqayisədə bazarın "soyuması" və daha sabit fazaya keçidi kimi qiymətləndirilməlidir. Bazar artıq emosional təlatümlərlə deyil, fundamental iqtisadi amillərlə idarə olunur. Süni qiymət manipulyasiyalarının təsiri zəifləyib, proseslər daha rasional və proqnozlaşdırıla bilən xarakter alıb".

Sektorlar üzrə göstəricilərə gəldikdə, o qeyd edib ki, ilkin (yeni tikililər) bazarda qiymətlər 13–15 %, təkrar bazarda isə 14–17 % artıb: "Təkrar bazardakı daha yüksək artım alıcıların yeni tikililərdəki yüksək qiymətlərdən qaçaraq daha münasib variantlara üstünlük verməsi ilə izah olunur".

Ekspert qeyd edib ki, hazırda bazarda "iki sürətli model" formalaşır: "Artıq bütün ərazilərdə eyni templə bahalaşma müşahidə edilmir. Mərkəzi və prestijli zonalarda qiymətlər sabit şəkildə yüksəlsə də, şəhər kənarında tələbin azalması artım tempini zəiflədir. Abşeron və Sumqayıt isə orta seqment üçün alternativ kimi çıxış edir və bu ərazilərdə qiymət artımı 8–11 % civarındadır. Bununla belə, regional disbalans getdikcə dərinləşir, periferiyada likvidlik azalır. Satış bazarında müşahidə olunan yavaşlama icarə sektorunda əks dinamika yaradıb. Hazırda kirayə bazarı satışdan daha aktivdir. İl ərzində icarə qiymətləri 13–15 % artıb, Bakıda orta aylıq kirayə haqqı isə 850–900 manata çatıb. Bu məbləğ artıq bir çox ailə üçün büdcə baxımından "psixoloji hədd" sayılır".

N.Həsənovun sözlərinə görə, ipoteka faizlərinin yüksək olması, mərkəzə miqrasiya və investorların gəlirliliyi qorumaq istəyi kirayə qiymətlərinin artmasını şərtləndirən əsas amillərdir.

O, 2026-cı ildə bazarın bir sıra risklərlə üzləşə biləcəyini də diqqətə çatdırıb: "Qiymət artımının real gəlirləri üstələməsi alqı-satqı əməliyyatlarının sayını azalda bilər. Eyni zamanda, tikinti sektorunda təklifin lokallaşmış tələbi üstələməsi satılmayan mənzillərin və "ölü zonaların" yaranması riskini artırır. Dövlət ipotekasından kənar ucuz və uzunmüddətli maliyyə alətlərinin olmaması isə bazarın genişlənməsini məhdudlaşdırır".

Ekspert hesab edir ki, bazarın sağlam inkişafı üçün təkcə qiymət sabitliyi kifayət deyil: "Şəffaf statistikanın açıqlanması, erkən xəbərdarlıq mexanizmlərinin qurulması, sosial mənzil layihələrinin miqyasının genişləndirilməsi vacibdir. Sosial mənzil və əlçatan maliyyə alətləri olmadan bazarın rasional inkişafı yalnız dar təbəqənin maraqlarına xidmət edəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
8
azpolitika.info

9Источники