RU

Eltun Süleymanov: "Davosdan dünyaya verilən mesaj Azərbaycanın sülh strategiyasının və qlobal tərəfdaşlığın dönməz xəttidir"



Müasir beynəlxalq münasibətlər sistemində Davos platforması artıq yalnız iqtisadi trendlərin deyil, qlobal siyasi iradənin və yeni dünya düzəninin konturlarının formalaşdığı məkana çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində iştirakı və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü ölkəmizin beynəlxalq siyasətdə tutduğu mövqenin miqyasını və dərinliyini bir daha nümayiş etdirdi.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, artıq Azərbaycanın sülh konsepsiyası regional təcrübədən qlobal təşəbbüsə çevrilib. Azərbaycan son illər münaqişədən sonrakı mərhələdə sərgilədiyi siyasi iradə ilə yeni sülh konsepsiyası təqdim edib. Bu konsepsiyanın əsasını güc balansı deyil, hüquqi legitimlik, iqtisadi qarşılıqlı maraq və regional inteqrasiya təşkil edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət regionda uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlib. Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində iştirak isə Azərbaycanın artıq bu yanaşmanı beynəlxalq miqyasda da paylaşmağa hazır olduğunu göstərir. Sülh Şurası qlobal münaqişələrin qarşısının alınması, dialoq mexanizmlərinin gücləndirilməsi və yeni diplomatik formatların yaradılması məqsədi daşıyan mühüm təşəbbüs kimi diqqət çəkir. Sülh sazişi anlayışı müasir dövrdə yalnız silahlı toqquşmaların dayandırılması ilə məhdudlaşmır. O, iqtisadi əlaqələrin bərpası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və etimad mühitinin formalaşdırılması deməkdir. Azərbaycan bu yanaşmanı praktiki addımlarla sübut edən ölkədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionda artıq sabitlik hökm sürür və bu, real iqtisadi proseslərdə öz əksini tapır. Azərbaycanın Ermənistana enerji məhsulları ixrac etməsi, eləcə də taxıl tədarükünün Azərbaycan üzərindən həyata keçirilməsi münaqişə sonrası mərhələdə yaranan yeni əməkdaşlıq modelinin göstəricisidir. Bu faktlar sülhün real dividendlər yaratdığını təsdiqləyir. “Sülh Şurasının Nizamnaməsi”nin təsisçi üzvlərindən biri qismində Azərbaycanın dəvət olunması ölkəmizin qlobal siyasi etimad qazandığını göstərir. Bu dəvət Azərbaycan-ABŞ münasibətlərinin strateji mahiyyətini, eyni zamanda Bakının beynəlxalq sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edildiyini ortaya qoyur. Zəngəzur dəhlizi və TRIPP kimi layihələr regionun geosiyasi xəritəsini dəyişən təşəbbüslər olmaqla yanaşı, sülh və əməkdaşlıq fəlsəfəsinin praktik təzahürüdür. Azərbaycan bu gün nəqliyyat və enerji qovşağı olmaqla yanaşı, siyasi sabitliyin də əsas dayaqlarından birinə çevrilir.
Davos çərçivəsində cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır. Donald Trampın yenidən prezident postuna qayıdışından sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğun ifadə olunması münasibətlərin gələcək perspektivlərinə dair müsbət siqnaldır. Vaşinqtonda ötən il əldə edilmiş razılaşmalar və sülh gündəliyinin irəli aparılmasında Prezident Trampın rolunun vurğulanması ABŞ-ın regionda sabitliyin təmin olunmasında maraqlı tərəf olduğunu göstərir. Bu, Azərbaycanın beynəlxalq vasitəçilərlə əməkdaşlıqda praqmatik və açıq mövqe tutduğunu bir daha təsdiqləyir. Görüş zamanı Sülh Şurasının Yaxın Şərqdə və digər münaqişə ocaqlarında sabitliyin möhkəmləndirilməsinə töhfə verə biləcək mexanizm kimi qiymətləndirilməsi Azərbaycanın bu platformada fəal rol oynayacağının göstəricisidir. Sülh Şurasına təsisçi üzv kimi dəvət olunmaq Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə qazandığı etimadın nəticəsidir. Qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsi barədə razılıq isə Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha dərin məzmun kəsb edəcəyini göstərir.
Davosda baş verən bu iki mühüm hadisə Azərbaycanın xarici siyasət kursunun strateji istiqamətini aydın şəkildə ortaya qoyur. Azərbaycan artıq yalnız regional aktor deyil, qlobal sülh təşəbbüslərinə töhfə verən, beynəlxalq əməkdaşlıqda fəal mövqe tutan dövlət kimi çıxış edir. Bu xətt cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, milli maraqlarla qlobal məsuliyyəti uzlaşdıran liderlik modelinin bariz nümunəsidir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.



Избранный
19
aia.az

1Источники