RU

Trampdan Cənubi Qafqazla bağlı ÖNƏMLİ GEDİŞ  – Nələr olacaq? 

ABŞ Prezidenti Donald Tramp şəxsi sosial media hesabında Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlama yayıb.

Tramp bildirib ki, ötən ilin avqustunda imzalanmış sülh razılaşmasına sadiq qaldıqları üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edir. ABŞ prezidenti həmin müharibəni “bitirdiyi səkkiz münaqişədən biri” kimi xarakterizə edərək, hazırda regionda sülh və rifah mərhələsinin başladığını vurğulayıb.

Trampın açıqlamasına görə, 2026-cı ilin fevral ayında ABŞ vitse-prezidenti Cey Di Vens həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Səfərin məqsədi sülh prosesinin möhkəmləndirilməsi və Tramp administrasiyasının “Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırdığı strategiyanın irəli aparılmasıdır.

ABŞ prezidenti paylaşımında qeyd edib ki, Vaşinqton:

• Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcək,
• Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə sazişlər imzalayacaq,
• ABŞ-ın iri yarımkeçirici istehsalçıları üçün yeni razılaşmalar əldə edəcək,
• “Made in USA” markalı müdafiə təyinatlı məhsulların, o cümlədən bədən zirehləri və dəniz vasitələrinin Azərbaycana satışını genişləndirəcək.

Tramp paylaşımını “Təşəkkür edirəm!” sözləri ilə yekunlaşdırıb və bəyanatı “Prezident DJT” imzası ilə təqdim edib.

ABŞ–Azərbaycan strateji tərəfdaşlığının dərinləşdirilməsi, Ermənistanla dinc nüvə əməkdaşlığı və ABŞ istehsalı müdafiə məhsullarının regiona çıxışı fonunda bölgədə güc balansına və Rusiya–İran kimi aktorların mövqeyinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, son proseslər göstərir ki, Cənubi Qafqaz ölkələri Ermənistan və Azərbaycan Rusiya təsirindən çıxaraq ABŞ-nin maraqlarına uyğun müstəqil inkişaf yolunu seçir:

“Rusiya uzun müddət regionda vasitəçi rolunda çıxış edərək münaqişələri uzatmaq və Cənubi Qafqaz ölkələrini təcrid vəziyyətində saxlamaq üçün öz mövqeyindən istifadə edib. Lakin indi Ermənistan və Azərbaycan ABŞ ilə əməkdaşlığa əsaslanan yeni mərhələyə qədəm qoyurlar. ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə birbaşa vasitəçilik etməklə və imzalanmış sənədlərdə təmsil olunmaqla Cənubi Qafqazda geopolitik oyunçulardan birinə çevrilib. Bu da o deməkdir ki, Cənubi Qafqazda ABŞ varsa, Rusiya və İran ola bilməz. Rusiya və İran Cənubi Qafqazla bağlı bütün ssenarilərini istənilən halda ABŞ-nin regionda yerləşdiyini nəzərə alaraq, qurmaq məcburiyyətində qalacaq. Cənubi Qafqazın inkişaf perpsektivlərində rəsmi Moskva və rəsmi Tehranın iştirakı artıq real deyil. Nəhayət ki, Cənubi Qafqaz Rusiya girovluğundan tamamilə xilas oldu. Bu da Cənubi Qafqazın sülh şəraitində, dinc, sabitlik vəziyyətində inkişaf etmək perspektivlərinin önünü açdı. Burada ABŞ-nin da qazandığı üstünlüklər var”.

Избранный
61
nocomment.az

1Источники