BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər ilin 3 dekabr günü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur.
Bu münasibətlə dövlət əlilliyi olan şəxslərə 30 manat dəyərində kompensasiya ayırır.Bəs bu il neçə nəfərə 30 manat dəyərində kompensasiya verilib?
Məsələ ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində bildirilib ki, müraciət edənlər arasında kateqoriyalar müəyyənləşdirilib:
“Həssas əhali qruplarından olan şəxslərə dəstək məqsədilə icra olunan sosial təşəbbüs çərçivəsində 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müvafiq kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardım verilib.
Ünvanlılığın və daha ədalətli, obyektiv yanaşmanın təmin olunması məqsədilə birdəfəlik maddi yardımlar müraciət edənlər arasından orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə, əlilliyi olan uşaqlara və əlilliyi olan tənha ahıllara ödənilib.
30 AZN məbləğində birdəfəlik maddi yardım respublika üzrə 24 min imtiyazlı şəxsi əhatə edib”.