RU

Yeni nizamın açarı Bakıdır: Vaşinqton strateji seçimini edib

“Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan keyfiyyət dəyişikliyi sıradan diplomatik aktivlik deyil, qlobal güc balansının dəyişdiyi bir mərhələdə Azərbaycanın öz yerini və rolunu qətiyyətlə müəyyənləşdirməsinin nəticəsidir. Bu mərhələ ikitərəfli əlaqələrin formal tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə xarakterizə olunur və bu, təsadüfi deyil.

Bu gün dünya köhnə beynəlxalq nizamın dağılması, beynəlxalq hüququn selektiv tətbiqi və güc amilinin açıq dominantlığı fonunda yeni geosiyasi reallıqlarla üz-üzədir. Belə bir şəraitdə Vaşinqtonun Bakı ilə münasibətləri prioritet istiqamətə çevirməsi ABŞ-ın bölgədə əvvəlki qeyri-müəyyən və ziddiyyətli siyasətindən imtina etdiyini göstərir. Azərbaycan isə artıq regionda obyekt deyil, qlobal proseslərə təsir göstərən subyekt kimi çıxış edir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, yanvarın 21-də Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ikinci iclasının keçirilməsi Bakı-Vaşinqton münasibətlərinin artıq siyasi bəyanatlar mərhələsini keçdiyini və institusional əsasda möhkəmləndirildiyini sübut edir. “Müzakirə olunan sahələrin spektri enerji təhlükəsizliyi, ticarət və tranzit, regional bağlantılar, müdafiə, terrorçuluqla mübarizə, süni intellekt və rəqəmsal infrastruktur  göstərir ki, söhbət klassik diplomatiyadan deyil, uzunmüddətli strateji ittifaqdan gedir.

Xüsusilə texnologiya, süni intellekt və yarımkeçirici sənayesi kimi sahələrin gündəmə daxil edilməsi açıq şəkildə göstərir ki, ABŞ Azərbaycanı artıq yalnız enerji mənbəyi kimi deyil, Avrasiyanın texnoloji və təhlükəsizlik arxitekturasında əsas dayaqlardan biri kimi görür. Bu, Bakı–Vaşinqton əməkdaşlığının post-enerji mərhələsinə keçdiyini təsdiqləyən mühüm geosiyasi siqnaldır”, - o vurğulayıb.

Deputat qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş nöqtəsi kimi qiymətləndirilməlidir: “ABŞ-ın Azərbaycan–Ermənistan sülh prosesində fəal və nəticəyönümlü rol alması Vaşinqtonun Cənubi Qafqazda uzun illər davam edən selektiv, ikili standartlara əsaslanan yanaşmadan geri çəkildiyini göstərir.

Prezident Donald Trampın bu prosesdəki rolunun açıq şəkildə vurğulanması ABŞ-ın regionda balanslaşdırılmış və praqmatik siyasətə qayıdışının göstəricisidir. Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev ilə ABŞ Prezidenti arasında keçirilən görüş isə onu təsdiqlədi ki, Bakı–Vaşinqton münasibətləri artıq taktiki manevrlər üzərində deyil, strateji planlaşdırma üzərində qurulur.
Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, Cənubi Qafqazda sülh artıq abstrakt siyasi şüar deyil, konkret iqtisadi nəticələr doğuran real mexanizmdir. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və taxılın Azərbaycan üzərindən tranziti bu reallığın ən açıq sübutudur.

Zəngəzur dəhlizi və TRIPP layihəsi bu kontekstdə yalnız regional təşəbbüs deyil, ABŞ-ın Mərkəzi Asiya–Avropa xətti üzrə geoiqtisadi maraqları ilə tam uzlaşan strateji layihələrdir. Vaşinqtonun bu layihələrə müsbət yanaşması Azərbaycanın Avrasiyada etibarlı tranzit, təhlükəsizlik və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.

ABŞ vitse-prezidentinin səfəri: bəyanatlardan əməli mərhələyə keçid
ABŞ vitse-prezidenti C.D. Vensin Bakı və İrəvana planlaşdırılan səfəri Bakı–Vaşinqton strateji yaxınlaşmasının artıq icra mərhələsinə keçdiyini göstərir. Donald Trampın müdafiə avadanlıqlarının satışı, texnoloji əməkdaşlıq və təhlükəsizlik sahəsində konkret addımlar barədə açıqlamaları ABŞ-ın regionla bağlı qərarlarının artıq deklarativ xarakter daşımadığını təsdiqləyir.

Bu, onu göstərir ki, Azərbaycan–ABŞ münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, regional və qlobal miqyasda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsas sütunlarından birinə çevrilir.

ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması ölkəmizin beynəlxalq sülh gündəmində artan rolunun rəsmi və institusional təsdiqidir. Prezident İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirakı Bakı–Vaşinqton strateji yaxınlaşmasının siyasi zirvə nöqtəsi kimi dəyərləndirilməlidir”.
O əlavə edib ki, Azərbaycan yeni nizamın formalaşmasında açar aktordur:
“Yeni mərhələyə daxil olan Bakı-Vaşinqton münasibətləri Avrasiya miqyasında sabitlik, təhlükəsizlik və rifahı hədəfləyən strateji xətt formalaşdırır. Azərbaycan bu münasibətlərdə passiv müşahidəçi deyil, təşəbbüskar, gündəm yaradan və regional prosesləri yönləndirən gücdür. ABŞ üçün isə Bakı etibarlı tərəfdaş, Cənubi Qafqazda sabitliyin dayağı və yeni beynəlxalq nizamın qurulmasında əvəzolunmaz aktordur”.

Mürtəza

Избранный
29
2
olke.az

3Источники