RU

"Dirilən" ölülər: Süni intellektlə canlandırılan səhnələr - VİDEO

Son günlər sosial şəbəkələrdə süni intellekt vasitəsilə vəfat etmiş insanların "dirilməsi" səhnələri paylaşırılır. Videolarda bu görüntülərin sifariş əsasında hazırlandığı da qeyd edilir. Bu kimi videolar insan psixologiyasına necə təsir edir?

"Report" mövzu ilə bağlı süjet hazırlayıb və əhali arasında sorğu keçirib. İnsanların mözvu ilə bağlı fikri müxtəlif olub. Bəziləri hesab edir ki, belə videoları hazırlanması heç də yaxşı hal deyil, bəziləri isə insanların bununla təsəlli tapdığını düşünür.

İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu cür videoların hazırlanması doğru deyil:

"Süni intellekt artıq həyatımıza daxil olub, bu azmış kimi artıq qəbirlərimizin içərisinə daxil olur. İnsanlara sanki qiyamət hadisəsini yaşadır. Dirilərə necə hörmət göstərilirsə, ölülərə də eyni hörmət və ehtiramla yanaşılmalıdır. İnsanın ölməyi bu hörməti aradan qaldırmaz. Ümumiyyətlə, qəbir toxunulmazdır. Dinimiz qəbirə toxunmağı yasaqlayıb, hətta haram kəlməsi ilə ehtiva edib. Bu cür səhnələrin olması, qəbirlərin açılması əslində qiyamət vaqeəsinin ortaya çıxması hadisəsidir. Qurani Kərimin bir çox ayələrində bu kimi hadisələrdən bəhs edilir. Bu kimi hallar hiyləgərliyin, şarlatanlıq və şeytançılığın bir üsuludur. Biz isə insanların toxunulmazlığı qorunsun deyə öz təbliğatımızı aparmalıyıq. İnsan Allahın yaratdığı şah əsərdir. Bu əsərin genetik şifrəsini pozmaq nə qədər ciddi təhlükədirsə, onların gor evinə daxil olub, narahat etmək də, bir o qədər xoş olmayan hadisədir".

Psixoloq Fərqanə Mehmanqızı də qeyd edir ki, ilk baxışdan qorxuducu təsir bağışlayan bu videolar uşaqların, həm də böyüklərin psixikasına ciddi təsir göstərir:

"Biz hər zaman milli və mental dəyərlərə arxalanan xalq olmuşuq. Bu hal isə mənəvi dəyərlərdə sarsılma getdiyini göstərir. Bir çox psixoloji həssas insan var ki, onlar belə videoları görəndə sarsıntı keçirirlər. Eləcə də onların yaxınları. Belə şeylərin qarşısı alınmalıdır ki, insan psixologiyasına zərər vurmasın. Bəzi qorxulu filmlər olur ki, onların əvvəlində müəyyən yaş məhdudiyyəti olduğu bildirilir. Amma sosial şəbəkədə belə bir şey yoxdur. Nəzərə alsaq ki uşaqlar da sosial şəbəkələrdən istifadə edir. Bu özünəqapanma, uşaqlarda kəkələmə hallarına, nitq probleminə və samatik depressiyaya gətirib çıxara bilər. İnsanlarda həm də "mən də belə olacam" qorxusu, xofu yarana bilər. Bu videoları təklif və tələb edənlər belə şeylərdən çəkinməlidirlər" – deyə psixoloq vurğulayıb.

Süni intellektin imkanları geniş və əhəmiyyətli olsa da, bu imkanlardan istifadə edilərkən etik və mənəvi çərçivələr qorunmalıdır. Yəni, insanlara zərər verə biləcək məzmunlardan uzaq durulmalıdır.

"Dirilən" ölülər: Süni intellektlə canlandırılan səhnələr - VİDEO
Избранный
30
8
far.az

9Источники