RU

Onkoloji xəstələr özəl xəstəxanalarda da icbari tibbi sırğorta ilə müalicə olunsunlar - RƏY

Son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar sırasında icbari tibbi sığortanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu mexanizm vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, sosial ədalətin təmin olunmasına və səhiyyə sisteminin daha dayanıqlı şəkildə inkişafına xidmət edir. İcbari tibbi sığorta çərçivəsində minlərlə vətəndaşın əlavə maliyyə yükü olmadan müayinə, müalicə və tibbi xidmətlərdən yararlanması dövlətin sosialyönümlü siyasətinin bariz nümunəsidir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyəsində Prezident İlham Əliyevin inqilabi dəyişikliklərə start verdiyi səhiyyə islahatları zəncirinin ən mühüm halqasıdır.

 

Müşfiq

 

Deputat deyib ki, icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sisteminin maliyyələşmə mexanizmi dəyişib, səhiyyə büdcəsi, demək olar, yeddi-səkkiz dəfəyə qədər artıb, əhalinin tibbi xidmətlərə əlçatanlığı yüksəlib, Azərbaycan səhiyyəsində modern təbabətin yenilikləri tətbiq olunmağa başlayıb:

 

"Biz bu uğurları görürük. Yeni-yeni xidmətlərin istifadəyə verilməsi, vətəndaşlarımızın tibbi xidmət almaq kimi konstitusion hüququ artıq davamlı şəkildə təmin olunur. Maliyyə mexanizmləri təkmilləşdikcə yeni-yeni uğurların şahidi oluruq. Təbii ki, bütün ölkələrdə həyata keçirilməsi ən çətin, mürəkkəb islahatlar prosesi səhiyyə sahəsində keçirilənlərdir. ABŞ kimi super güc dövlət Obama Administrasiyası zamanı səhiyyə islahatlarına başladı, amma sona çatdıra bilmədi. Amerikanın səhiyyə büdcəsi ilə digər ölkələrinki müqayisə olunacaq dərəcədə deyil, lakin buna baxmayaraq proses yarımçıq qaldı. Hər bir prosesin həyata keçirilməsi zamanı müxtəlif çatışmazlıqlar meydana çıxır. Bunlar zamanla istər qanunvericiliyə edilən yeni dəyişikliklər şəklində, istərsə də qanunvericilik icrası prosesində tələb olunan səviyyədə həyata keçirilir, korrektələr olunur. Hazırda xəstəxanalarda çoxsaylı müraciətlər nəticəsində yaranan növbələr problemi ilə qarşı-qarşıya qalırıq. Bəzi tibb işçiləri isə köhnə alışqanlıqlarını davam etdirərək pasiyentlərə yanaşmalarında düzgün olmayan davranışlar sərgiləyirlər. Bəzən neqativ hallar olur, lakin davamlı şəkildə ümumi yanaşma budur ki, bunun qarşısı alınmalı, səhiyyə islahatları yeni mərhələlərə daxil olmaqla öz inkişafını tapmalıdır. İlkin səhiyyə sisteminin yenidən qurulması çox önəmlidir. İstər növbələrin, istərsə də xəstəxanaların həddindən artıq yüklənməsinin ən mühüm səbəblərindən biri ilkin səhiyyə xidmətinin yükünün də onları daşımasıdır. Əslində, bu cür olmamalıdır. İlkin səhiyyə sistemi yenidən qurulduqca və yeni, modern yanaşmalar, maddi-texniki baza gücləndikcə artıq bu problemin də aradan qalxmasının şahidi olacağıq.  Dövlət-özəl tərəfdaşlığın daha şəffaf, daha yeni modelləri ortaya çıxmalıdır. Özəl sektorun bu prosesdə faydalı şəkildə iştirakının yeni modelləri işlənib hazırlanmalıdır. Eləcə də həkimlərin və orta tibb işçilərinin daha professional şəkildə yetişdirilməsi tibbi təhsilin yenidən qurulması istiqamətində addımlar atılmalıdır".

 

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov isə xatırladıb ki, Azərbaycan səhiyyəsi artıq bir neçə ildir, icbari tibbi sığorta sisteminə keçib:

 

 

"Təbii ki, ilk başlarda digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də bir sıra çatışmazlıqlar var idi. Yəqin ki, zaman-zaman onlar da qaydasına düşər. Ən önəmli faktor budur ki, elə xəstəliklər var, mütləq surətdə icbari tibbi sığortaya salınması göstərişdir. Çünki bəzi pasiyentlərin bunları qarşılamaq imkanları yoxdur. Xüsusilə, onkoloji xəstəlikləri qeyd etmək istərdim. Əvvəllər onkoloji xəstəliklərin müayinələri icbari tibbi sığorta sisteminə daxil edilməmişdi. Lakin artıq bir ildir, onkoloji xəstəliklərdə istifadə olunan müəyyən müayinələr də -  endoskopiya, kolonoskopiya, MRT və KT müayinəsi icbari tibbi sığortaya daxil edilib. Təbii ki, gələcəkdə icbari tibbi sığorta paketinə əməliyyatların da daxil edilməsi daha yaxşı olar. Bilirsiniz ki, onkoloji xəstəliklərin əməliyyat məbləği kifayət qədər yüksəkdir. Əməliyyatdan sonra digər xəstəliklərdən fərqli olaraq onkoloji xəstəliklərdə şüa, kimyəvi müalicə, ağıllı dərman müalicəsi çox yüksək məbləğə başa gəlir. Pasiyentlərimizin bunu qarşılmağa imkanları çatmır. İnanırıq ki, yaxın gələcəkdə bunlar da icbari tibbi sığorta paketinə daxil ediləcək. Onkoloji xəstəliklər yalnız dövlət xəstəxanalarında müayinə və müalicə olunurdu. Artıq müəyyən təkliflər var ki, onkoloji xəstələr təkcə dövlət deyil, özəl xəstəxanalarda da müayinə və müalicə olunsunlar. İran, Türkiyə, Avropa ölkələrində bu praktika var. Yəqin, bizdə də bu qanun yaxın vaxtlarda qəbul olunar. Onkoloji xəstələrə nə qədər erkən diaqnoz qoyulsa, bir o qədər yaşama şansları yüksək olar. Dediyimiz kimi, dövlət xəstəxanalarında bunu qarşılamaq son zamanlar çətinlik yaradır, çünki onkoloji xəstələrin sayı artıb, xəstəlik çox sürətlə yayılır, həm də cavanlaşır. Təklif edirəm ki, qanun qəbul olunsa, bu həm xəstələrimiz, həm də həkimlərimiz üçün daha yaxşı olar".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 24 Yanvar 2026, 15:58   
Избранный
21
pravda.az

1Источники